Yerli avtomobillər daha ucuz satılacaq

23 Oktyabr 2015 10:30 (UTC+04:00)

Azərbaycan avtomobil idxalını 50 faizdən də çox azaldıb. 2015-ci il yanvar-sentyabr aylarında Azərbaycana 22 915 avtonəqliyyat vasitəsi idxal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25069 ədəd avtonəqliyyat çoxdur. Mütəxəssislər azalmaya səbəb kimi kredit şərtlərinə və ekoloji standarta edilən dəyişiklikləri göstərirlər. Ekspertlər həmçinin, xarici nəqliyyat vasitələrinin idxalının azalmasının yerli istehsalı stimullaşacağını deyirlər. Bu isə ilk növbədə istehsala güzəşt paketləri tətbiqindən keçir.

Nəqliyyat məsələləri üzrə ekspert Seymur Yunusov ilk olaraq onu xatırlatdı ki, Azərbaycanda avtomobil istehsalı təşkil edilir: "Ancaq onun ehtiyat hissələri xaricdən idxal olunur. Devalvasiya kimi hadisələr baş verdikdə isə idxal edilən detalların da qiyməti devalvasiya faizi qədər artır. Bu, o deməkdir ki, yerli istehsal ucuz olmur.

Bizdə avtomobil istehsalı üçün bəlkə də 10 mindən artıq detal lazımdır. Onun da hamısını daxildə istehsal etmək çox çətin məsələdir. Hətta Türkiyə kimi avtomobil istehsalı təcrübəsinə malik dövlət deyir ki, bizim öz maşınımız 2020-ci ildə hazır olacaq. Odur ki, tam yerli istehsalı təşkil etmək çox çətindir. Bunun üçün böyük həcmdə investisiyadan başqa, insan kapitalı da lazımdır. İndidən bu istiqamətdə qarşıya məqsəd qoyulsa, bəlkə 10 ilə xarici avtomobildən asılılığı 50% azaltmaq olar".

Ekspert əlavə etdi ki, əvvəllər yerli avtomobillər güzəştli şərtlərlə satılırdı: "Sonradan müəyyən sui-istifadələr oldu. Məsələn, ilkin ödəniş yığışdırılmışdı. Vətəndaşlar da avtomobili alıb, müəyyən hissələrini çıxardırdılar. Bir neçə ay ödəniş edilmirdi ki, nəticədə banklarda problemli kreditlərin həcmi artdı. Hətta Mərkəzi Bankın qərarından öncə bir neçə bank avtomobil kreditindən imtina etmişdi. Ona görə də ilkin ödəniş 50%-ə qaldırıldı. Ancaq onu da nəzərə alaq ki, hazırda yeri avtomobillər xarici maşınlardan ucuz deyil. Güzəşti isə heç bir bank üzərinə götürməz. Əslində, bizdə maşın satışında problem yoxdur. Əsas problem tələbatın aşağı düşməsindədir. Yəni, alıcılıq qabiliyyəti aşağı düşüb. Maşın şirkətləri son iki ayda qiymətlərə xeyli endirim ediblər. Hətta qiymətləri devalvasiyadan öncəki qiymətlərdən də aşağı salıblar. Hazırda aylıq ödəniş 250 manat ödənişlə maşınlar verilir. Ondan da aşağı qiymətə avtomobil olmayacaq ki. Sadəcə, olaraq alıcı yoxdur".

Seymur Yunusov hesab edir ki, məüyyən qədər gömrük idxal rüsumları aşağı salınarsa, avtomobil idxalı canlana bilər: "Yerli istehsalı stimullaşdırmaq isə hazırda bizim üçün çətindir. Bizdə zavodların istehsalı gücü ildə 5 min ədəddir. 5 min ədəd isə Azərbaycan bazarının tələbatına heç cür ödəmir. 2014-cü ildə ölkədə 101 min avtomobil satılmışdı. Ancaq yerli istehsalı da canlandırmaq mümkündür. Məsələn, bunun üçün zavodlara vergi güzəştləri tətbiq etmək olar. Onların güzəştli maliyyələşmə ilə təmin mümkündür. Amma bu zaman şirkət qarşısında şərt qoyulmalıdır ki, yerli istehsalı artırıb, avtomobilləri münasibət qiymətə ölkə daxilində satsın. Hətta lazım gələrsə, ixrac da etmək olar. Bunun üçün Gürcüstan, Orta Asiya bazarları var.

Eyni zamanda müəyyən ehtiyat hissələrini də daxildə istehsal etmək mümkündür. Artıq Naxçıvan zavodunda belə fikirlər var. Orada avtomobilin müəyyən hissələrinin istehsalı nəzərdə tutulub. Buna da ayrıca stimul verilə bilər. Bundan başqa, Gəncədə dəmir lövhələrin istehsalı nəzərdə tututlur. Bu da yerli avtomobil üçün xammalın ucuzlaşmasına təsir göstərən amillərdəndir. Ona görə də yerli istehsala güzəştlər paketi tətbiq edilərsə, onların qiyməti hətta Rusiya avtomobillərindən də ucuz olar. Bir az da istehsalın keyfiyyətində artım edilərsə, yerli avtomobillərin istehsalı və satışı artmış olar Yəni, işlərə kompleks diqqət yetirilməlidir".