İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 170 mln. manatdan artıq güzəştli kredit verilib

22 Oktyabr 2015 20:00 (UTC+04:00)

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu bu gün Tovuz rayonunun Qovlar şəhərində keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən movqe.az-a verilən məlumata görə, işgüzar forumda 80-ə yaxın sahibkar iştirak edib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu il ərzində 4 500-ə yaxın sahibkara 170,4 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.

Qeyd edilib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5640-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 210,3 mln. manatdan çox güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin, istixana, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Tovuz və ətraf rayonlardan olan 63 sahibkara 4,5 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, arıçılıq, üzümçülük, bağçılıq, tərəvəzçilik, ixtisaslaşdırılmış "yaşıl market"in tikintisi, süfrə suları və meyvə şirələri, tamet istehsalı sahələrinin inkişafına yönəldiləcək.