Tezliklə Bakıda bütün dayanacaqlardakı monitorlarda avtobusun çatma vaxtı haqda dəqiq məlumatlar yerləşdiriləcək

22 Oktyabr 2015 20:20 (UTC+04:00)

Hazırda avtobus dayanacaqlardakı "Avtobus İnformasiya Terminalları"nda ictimai nəqliyyat vasitələrinin real vaxtda çatma vaxtlarının əks olunması istiqamətində işlər aparılır. Movqe.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, avtobuslarda yeni quraşdırılan izləmə cihazı vasitəsi ilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək. Hazırda bununla bağlı test işləri aparılmaqdadır.

"Sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq. Çox yaxın müddətdə bütün dayanacaqlardakı monitorlarda avtobusun çatma vaxtı haqda dəqiq məlumatlar yerləşdiriləcək. Bu xüsusi proqramın mobil versiyası üzərində də işlər aparılır və yaxın gələcəkdə istifadə veriləcək",- deyə NİİM-in məlumatında deyilir.