Rusiya istehsallı döyüş texnikasının Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi müzakirə olunub

22 Oktyabr 2015 21:00 (UTC+04:00)

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Vladimir Çernenko ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin region üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub. Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəmədiyinə görə hərbi attaşeyə təşəkkürünü bildirib və işlərində uğurlar arzulayıb.Səmimi qəbula görə minnətdarlığını bildirən hərbi attaşe ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin, xalqının və Silahlı Qüvvələrinin daim səmimi dostu olaraq qalacağını vurğulayıb.