Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib. S. Bağırov bildirib ki, paytaxtda və bütün ölkədə Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyi rəhbərliyinin xüsusi tapşırığı var:
"Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar
ictimai asayişin qorunması məqsədilə oktyabrın 24-ü paytaxt polisi
gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı
şəkildə təmin ediləcək".
Rəis müavini deyib ki, Bakının bütün məscidlərində və
ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə
ərazilərə əlavə polis naryadları təyin olunacaq:
"Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin
müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin
keçirilməsinə imkan verilməyəcək".
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, oktyabrın
24-də yol polisi də gücləndirilmiş iş rejimində çalışacaq.
Mərasimlərin keçiriləcəyi yerlərdə və ətraf ərazilərdə yol hərəkəti
təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Yol Polisi tərəfindən
lazımı qüvvələr ayrılıb. Mərasimlərlə əlaqədar bəzi ərazilərdə
nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər.(apa)