İsveç ictimaiyyəti məktəbə hücumdan şoka düşüb

23 Oktyabr 2015 16:54 (UTC+04:00)

İsveç KİV-ləri xəbər verirlər ki, ölkə ictimaiyyəti Trolxettan şəhərində "Krun" məktəbinə edilmiş hücumdan sarsılıb.

Ötən axşam məktəbə gələn adamların arası kəsilmirdi. Onlar həlak olmuş 20 yaşlı müəllim və 17 yaşlı yeniyetmənin xatirəsinə şamlar yandırıb və güllər gətiriblər. Polis təhqiqatın aparılması məqsədilə hadisə yerini mühasirəyə alsa da, insanlar gəlməkdə davam edir, baş verənləri anlamağa çalışırlar. Sosial şəbəkələrdə də zorakılıq və terrora qarşı müxtəlif hərəkatlar yaranıb.

İsveç kralı Karl XVI Qustav və ölkənin baş naziri Stefan Lyeven zərərçəkmiş ailələrə başsağlığı veriblər. Hökumət başçısı deyib: "Qeyd etmək vacibdir ki, bu gün baş vermiş hücum İsveç məktəbləri üçün son dərəcə qeyri-adi hadisədir. Bu hadisə istisna olaraq qalmalıdır".

Xatırladaq ki, oktyabrın 22-də İsveçin qərbindəki Trolxettan şəhərinin sakini "Ulduz müharibələr" filmindən personajın kostyumunda və qılıncla silahlanaraq yerli orta məktəbə hücum edib. O hadisə yerinə gələn polislər tərəfindən ağır yaralanıb və xəstəxanada ölüb. Silahlı hücum nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Hüquq mühafizə orqanları qatilin adını açıqlamasalar da, İsveç KİV-ləri onun şəxsiyyətini aydınlaşdırıblar.

Qatili tanıyanlar jurnalistlərlə müsahibələrində bu gənci sakit və kompyuter oyunlarını xoşlayan adam kimi təsvir edirlər. Onlar bildiriblər ki, oğlan qapalı olsa da xoş siması var idi. Baş vermiş hadisə onun ailəsini şoka salıb.

KİV-lərə məlum olub ki, bu gənc sağ ekstremistlərə rəğbət bəsləyib, habelə krallığa miqrant axınının dayandırılmasını dəstəkləyib. O sosial şəbəkələrdə tez-tez Adolf Hitleri və nasist Almaniyasını tərifləyən səhifələrə daxil olub.

Polis şagirdlərin 90 faizinin immiqrant uşaqları olan məktəbə hücumun gizli siyasi məna daşıması versiyasını araşdırır. İstintaqa İsveçin "SEPO" təhlükəsizlik polisi qoşulub.