Monopoliyaya ciddi zərbə vuruldu

24 Oktyabr 2015 07:00 (UTC+04:00)

İqtisadiyyatın dayanıqlığına yönəlmiş islahatlar davam edir. Prezident İlham Əliyev bu dəfə gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Fərman imzalayıb. Dövlət başçısı gömrük-buraxılış məntəqələrində gömrük-keçid qaydalarının sadələşdirilməsi məqsədilə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilməsini qərara alıb.

Fərmanın ölkə iqtisadiyyatına verəcəyi töhfəni şərh edən sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov ilk olaraq onu bildirdi ki, Nazirlər Kabinetinin bu ilin oktyabr ayının 12-də keçirilmiş iclasında Prezident ölkədə azad sahibkarlığın inkişafına əngəl olan bütün məqamları çox ciddi şəkildə tənqid etdi: "Bundan öncə ölkə başçısı bir neçə dəfə öz çıxışlarında bu əngəllərin mövcudluğundan narahatlığını ifadə etməklə aidiyyatı qurumlara öz iradlarını bildirmişdi. Lakin çox təssüflər olsun ki, bu iradlardan heç də hər kəs lazımı nəticələr çıxara bilməmişdi. Son müşavirədə "Artıq hövsələ qalmayıb" deyən Prezidentin kəskin çıxışı yaxın günlərdə onun çox ciddi addımlar atacağına işarə idi. Belə də oldu. Müşavirədən sonra ölkə başçısı bir-birinin ardınca sahibkarlığın inkişafına əngəl törədən neqativ halların aradan qaldırılmasına və nəticə etibarilə ölkədə məhsul bolluğunun yaradılması yolu ilə qiymətlərin aşağı salınmasına, büdcə gəlirlərinin artırlımasına yönəlik çox ciddi qərarlar qəbul etdi.

Lisenziyaların verilməsi sahəsindəki əngəllərin aradan qaldırılması, əsassız yoxlamaların dayandırılması, fiziki şəxslər tərəfindən Respublikanın gömrük ərazisinə gətirilən malların və məhsulların ümumi gömrük dəyərinin əsaslı şəkildə artırılmasında məqsəd ölkədə azad sahibkarlığın inkişaf etdirilməsinə daha münbit şərait yaratmaq yolu ilə qeyri-neft sektorunun inkişafına nail olmaqdan ibarətdir. Bu addımlar digər tərəfdən, ölkədə istehlak mallarının və məhsulların qiymətlərinin əsaslı şəkildə aşağı düşməsinə və beləliklə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına gətirib çıxaracaq. Prezidentin oktyabr ayının 22-də imzaladığı fərmanla fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görəəlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilə biləcək. Bu günə qədər mövcud olan qaydalara əsasən vətəndaşlar ölkədən 10 000 dollara qədər vəsait apara bilsələr də ölkəyə cəmisi hər bir nəfər üçün 1500 dollar (müşayət edən hər bir həddi buluğa çatmayan üçünsə 500 dollar) ekivalentində mal məhsul gətirə bilərdilər. Məsələnin bu qaydada qoyluşunun özündə bir yanlışlıq var idi. Hər dəfə ortaya sual çıxırdı ki, ölkədən 10 000 dollar aparan vətəndaş bu pulun cəmisi 1500 dollarına mal, məhsul alıb gətirə bilərsə, onda o həmin pulun yerdə qalan hissəsindən necə istifadə etməlidir?

Prezident imzaladığı Fərman təkcə bu uyğunsuzluğu aradan qaldırmadı. Hər bir vətəndaşın ölkəyə 10 000 dollara qədər mal məhsul gətirə bilməsi və onu müşayiət edən həddi buluğa çatmayanların hər birinin isə 2000 dollar məbləğində mal-məhsul gətirmək şansının olması o deməkdir ki, vətəndaşların xaricdən gətirdikləri anoloji malların ölkə daxilində qiymətləri avtomatik aşağı düşəcək. Buna qədər vətəndaş həmin malları və məhsulları ölkəyə özünə lazım olan həddə gətirə bilmədiyindən onları xaricdən topdan ticarət yolu ilə gətirib daxili bazarda satan monopolistlərin diqtə etdikləri qiymətlərlə - yəni, bəzən öz real dəyərindən bir neçə dəfə baha qiymətlərlə almaq məcburiyyətində qalırdılar. İndi isə vətəndaş həmin malı gömrük vergisi ödəmədən xaricdən real qiymətlə alıb gətirə biləcək. Bu isə ölkədəki ayrı-ayrı möhtəkirlərin yaratdığı monopoliyanın tədricən aradan qalxmasına gətirib çıxaracaq. Prezidentin Fərmanı da bu problemin həllinə yönələn çox mühüm addımdır".

Professor əlavə etdi ki, Fərmanda aksizli malların, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olunur: "Aksizli malların gömrük vergisi ödəməkdən azad olunacaq 10 000 ABŞ dolları məbləğindəki mal və məhsulların sırasına aid edilməməsini sosial şəbəkələrdə şişirdib insanlara yanlış izahat verənlər bilməlidilər ki, bizdə yalnız içməli spirt, pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla), istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr aksiz vergilərinə cəlb olunur. Göründüyü kimi, bu sırada insanları narahat edə biləcək əsas istehlak malları yoxdur".