Avro manat qarşısında xeyli ucuzlaşacaq

24 Oktyabr 2015 08:05 (UTC+04:00)

Avropa Mərkəzi Bankının (AMB) son iclasından sonra gözlənildyi kimi avronun məzənnəsi yenidən ucuzlaşmağa başladı. Prosesin hələ uzun müddət davam etməsi gözlənilir. Avro manat qarşısında da dəyər itirməkddir və bu gedişəl hər iki valyutanın məzənnəsinin bərabərləşməsi belə istisnalıq təşkil etmir.

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələrinə əsasən isə, oktyabrın 23-də ABŞ dollarının məzənnəsi 0,12% bahalaşıb və 1,0487 manata bərabər olub. Aavronun məzənnəsi isə 1,95% azalaraq 1,1655 manat təşkil edib. Bütün bunların əsas səbəbi isə qeyd olunduğu kimi Avropa Mərkəzi Bankının son qərarıdır. Bankın sədri Mario Draqi monetar ekspansiyanı davam etdirmək qərarı verdiklərini bildirib. AMB bu ilin yanvar ayında təsdiq etdiyi 1,1 trilyon avro (1,25 trilyon dollar) həcmində maddi aktivlərin alınması proqramını gələn ilin sentyabr ayına qədər və ondan sonrakı dövrdə də davam etdirmək barədə qərar qəbul edib. M.Draqinin sözlərinə görə, inflyasiyanın daha çox düşmək riski var və inflyasiya qısamüddətli perspektivdə çox aşağı səviyyədə qalacaq. AMB neftin qiymətinin yaxın illərdə bir qədər artacağını ehtimal edib, avrozona iqtisadiyyatının perspektivlərində isə yavaşlama tendensiyası riskini proqnozlaşdırıb. M.Draqinin bu açıqlamalarından sonra avrozonada likvidliyin artması gözləntiləri avronun məzənnəsini aşağı salıb. Avro dollarla müqayisədə 1,6% azalaraq 1,118 səviyyəsinə enib. ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcələrini artırmağa başlaması ilə dolların avro ilə müqayisədə daha da güclənəcəyi proqnozlaşdırılır. Bu gedişlə avronun məzənnəsinin zəifləyəcəyi və dollarla paritetə yaxınlaşacağı ehtimal edilir.

Proses Azərbaycanda da özünü qabarıq göstərəcək. Məsələn, avro bundan sonra daha çox dəyərdən düşəcək. Lakin təsirlər təkcə bununla məhdudlaşmır. Faktdır ki, avronun ucuzlaşması Avropadan gətirilən malların qiymətinə də təsir göstərir. Belə ki, Avropadan idxal olunan mallar ucuzlaşır. Araşdırmalar da göstərir ki, avronun ucuzlaşması Avropadan gətirilən məhsulların, o cümlədən avtomobillərin, məişət avadanlıqlarının qiymətinə təsir edir. Bu səbəbdən, avronun ucuzlaşması davam edərsə, qarşıdakı dövr ərzində Avropa avtomobillərinin, xüsusən də Azərbaycanda kifayət qədər geniş yayılan Almaniya maşınlarının ucuzlaşmasını gözləməyə dəyər. Qeyd edək ki, Azərbaycan idxalının 60 faizə qədərini, ixracının isə yarısını Avropa ölkələrilə aparır. Avro ilə alınaraq Azərbaycana gətirilən mallar əsasən dərman preparatları, ərzaq məhsulları, yuyucu vasitələr, mebel və maşınlardır. Bundan başqa, avronun ucuzlaşması, öz növbəsində, onun istifadəçiləri tərəfindən satışını artırır. Məlumatlara görə, Azərbaycanda da əhali tərəfindən nağd avronun satışı artır. Lakin bu vəziyyət Azərbaycanın avro ilə diversifikasiya olunmuş valyuta ehtiyatlarına mənfi təsir göstərir.

Belə fikirlər də səslənir ki, avropanın vahid valyutasının dünyanın əksər ölkələrinin pulları qarşısında dəyər itirməsi avronun ehtiyat valyuta kimi dövriyyədən çıxmasına səbəb ola bilər. Artıq bu xüsusda əksər maliyyə mərkəzləri tərəfindən çoxsaylı xəbərdarlıqlar edilməkdədir. Qeyd edilir ki, dünya miqyasında mərkəzi bankların son aylar ərzində avroda saxlanan aktivlərini azaltması vahid Avropa valyutasının ehtiyat valyuta statusunu itirməsi ilə nəticələnə bilər. Mərkəzi banklar Avropada monetar genişlənmə proqramı nəticəsində dəyərdən düşəcəyini ehtimal edərək artıq keçən ildən avroda olan aktivlərini azaltmağa başlayıb. Hazırda avro dünya mərkəzi banklarının məcmu ehtiyatlarının 22%-ni təşkil edir. Halbuki, 5 il əvvəl bu göstərici 28% olub. Qeyd edək ki, 2015-ci ilin əvvəlinə Azərbaycanın valyuta aktivlərinin 34%-i avronun payına düşüb. Hesab edilir ki, yaranmş durumda Azərbaycan da avro ehtiyatlarını başqa pul, ilk növbədə qızılla əvəzləməlidir. Çünki avronun dəyərdən düşməsi davam edəcək.

Bundan əlavə, avronun məzənnəsinin aşağı düşməsi Avropaya mal ixrac edən Azərbaycan şirkətlərinin ixrac, rəqabət aparmaq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Avronun məzənnəsinin manata nisbətən ucuzlaşması Azərbaycan mallarının avrozonada bahalaşmasına səbəb olur. Bu mənada sözügedən məqamla bağlı da qabaqlayıcı tədbirlərin görülməsi zəruri sayılır.