Qarabağ münaqişəsinin həllində vacib mərhələ başlanır

24 Oktyabr 2015 10:30 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri cari ilin sonuna kimi Azərbaycan və ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək istəyirlər. Bununla bağlı açıqlama verən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı tələsmək lazım olmadığını deyib. O bildirib ki, məsələ ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələn həftə regiona səfəri zamanı diqqət mərkəzində olacaq. Vasitəçilər oktyabrın 26-da İrəvanda, 28-də isə Bakıda olacaqlar: "Həmsədrlər gəlsinlər. İki yol var: ya prezidentlər görüş yerini seçəcəklər, ya da həmsədrlər təkliflə gələcəklər".

Siyasi müzakirələrdən belə təəssürat yaranıb ki, bu görüş və yeni təkliflərə ümidlər böyükdür. Ancaq əks təqdirdə Azərbaycanın atacağı addım da maraqlıdır. O zaman problemin yenə də hərbi müstivədə həll edilməsi vainatı qaçılmaz sayılır. Politoloq Qabil Hüseynli hesab edir ki, prezidentlərin görüşü baş tutacaq: "Hələlik məsələlər xarici işlər nazirləri səviyyəsində müzakirə edilib. Həmsədrlər də bölgəyə gəlib prezidentlərin görüşünün baş tutması üçün son akkordları vurmalıdırlar. Bu görüş nəticə əldə edilməyə yönəlib. Çünki, hazırda proseslərin içərisində Rusiyanın aktiv rolunu müşahidə edirik. Buna görə də demək olar ki, nəticə əldə etmək mümkün olacaq".

Politoloqun fikrincə, görüşdə əldə ediləcək nəticə ilk növbədə Dağlıq Qarabağ ətrafındakı 7 rayonun mərhələ-mərhələ geri qaytarılması məsələsidir: "Bu məsələ ətrafında nəticə əldə edilsə, prosesdə irəliləyişə doğru addım olacaq".

Digər siyasi şərhçi Taryel Faziloglu isə fərqli düşünür: "ATƏT-in Minsk qrupunun həmsdlərinin Azərbaycana gəlməsi, hansısa görüşlər təşkil etməsi Qarabağ məsələsini uzadan amillərdir. Bu, zaman uzatmaq, eyni zamanda Azərbaycan iqtisadiyyata vurulan külli miqdarda ziyandan başqa bir nəsə deyil. Beynəlxalq müstəvidə isə Qarabağ dərdi Azərbaycana təzyiq etmək üçün ATƏT-in Minsk qrupunun üzvü olan və olmayan böyük güclərin əlində təzyiq aləti olacaq. Odur ki, Dağlıq Qarabağ probleminin həlli tək bir yoldan keçir: qısa zaman ərzində anti-terror əməliyyatlarına başlanılmalı və bununla da düşmənin silahlı qüvvələri işğalolunmuş ərazilərdən çıxarılmalıdır. Bunun dünyada onlarla örnəyi var".