Prezident İlham Əliyev Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuları işə salıb (FOTO)

25 Oktyabr 2015 15:30 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirak edib.

Bu zavodun ərsəyə gəlməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub. 1994-cü ildə "EP-300" və "Polimer-120" qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb.

Son beş ildə zavodun enerji sistemində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində istehsalatın elektrik enerjisi ilə fasiləsiz və etibarlı təchizatına imkan yaranıb, elektrik enerjisi, buxar və qaz itkilərinin qarşısı alınıb. Bu isə istehsal edilən əmtəəlik məhsullarda enerji daşıyıcılarının xüsusi çəkisinin əhəmiyyətli dərəcədə azalması və maya dəyərinin minimuma enməsinə səbəb olub. Bu il zavodun istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən və müasir cihazlarla təchiz edilən yeni laboratoriyası da əsaslı təmir olunub.

2013-cü ildə istismara verilən azot-oksigen kompleksi zavodun və təmir-tikinti idarəsinin azot - oksigenə olan tələbatını tam həcmdə ödəməyə imkan yaradıb. 1987-ci ildən istismar olunan köhnə qurğunun əvəzində yeni azot-oksigen komplek¬sində innovasiyalı texnologiyaların tətbiqi sayəsində minimum enerji sərfiyyatına malik müasir avadanlıq quraşdırılıb. Yeni kompleksin bütün sistemləri avtomatik idarə edilir.

Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı "Neft-kimya sənayesin¬də idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Sərəncamına əsasən "Azərikimya" Dövlət Şirkəti SOCAR-ın tabeliyinə verildikdən, "Azərikimya" İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması oldu.

Dövlətimizin başçısına maye qazları kükürdlü birləşmələrdən təmizləyəcək yeni qurğu barədə də məlumat verildi. İllik layihə gücü 87.600 ton olan qurğunun istismara verilməsi nəticəsində məqsədli məhsul olan propilenin digər məhsullara çevrilməsinin qarşısı alınacaq.

2013-cü ildə istismara verilmiş müasir tipli susoyut¬ma qurğusu zavodda innovasiyalı texno¬logiyalar əsasında yaradılaraq ümumilikdə kompleksin dayanıqlı və səmərəli işini təmin edib. Yeni qurğunun enerji sərfiyyatı köhnə qurğuya nisbətən daha aşağıdır. Bu da zavodun ümumi enerji sərfiyyatının azaldılması prosesinə müsbət töhfəsini verir.

Diqqətə çatdırıldı ki, zavodda istismara verilmiş yeni qurğulardan biri də mütləqləşdirilmiş izopropil spirti sahəsidir. 2010-cu ildən başlayaraq "Azərikimya" İstehsalat Birliyində zəhərli və zərərli, müasir standartlara cavab ver¬mə¬yən, iqtisadi cəhətdən qeyri-səmərəli və əsasən, ətraf mühitin ekologiyasına mənfi təsir göstərən istehsalatlar sökülərək yenidən qurulub. Çirklənmiş ərazilərdən küllü miqdarda zəhərli maddə və kimyəvi tullantı utilləşdirilib. Təmizlənmiş ərazilərdə müasir tipli, ekoloji normalara uyğun yeni istehsal sahələrinin tikintisi aparılır.

Ulu öndər Heydər Əliyev 1998-ci ildə Yaponiyaya səfəri zamanı müstəqil Azərbay¬canın tarixində ilk dəfə buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkənin neft-kimya sənaye¬sinin inkişafı tarixinə dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yazıldı. Ümummilli Lider 1999-cu ildə bu kompleksin təməlqoyma mərasimində, 2001-ci ildə isə açılışında iştirak edib. Bu kompleks nəinki kimya sənayesini tənəzzüldən xilas etdi, hətta "Azərikimya"nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasında mühüm vasitə oldu.

Diqqəti cəlb edən layihələrdən biri də gündəlik gücü 2600 kubmetr olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir. 2016-cı ildə istifadəyə veriləcək bu qurğunun inşa edilməsinin əsas məqsədı Xəzər dənizinə atılan suların maksimal təmizlik həddinin təmin edilməsi və təmizlənmiş suyun irriqasiya məqsədlərində istifadə olunmasıdır.

Sonra dövlətimizin başçısı zavodun kollektivi ilə görüşdü.

Daha sonra Azərbaycan Prezidenti butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə saldı.

Hər iki qurğunun layihəsi "Azərikimya" İstehsalat Birliyinin xüsusi konstruktor bürosu tərəfindən hazırlanıb. İnşası "Azərikimya"nın təmir-tikinti idarəsi tərəfindən icra edilən qurğular avtomatik idarəetmə sistemləri ilə təchiz olunub. Butilen-butadien fraksiyasının hidrogenləşməsi qurğusunun layihə gücü ilkin mərhələdə ildə 120 min tondur. Yaxın perspektivdə isə bu rəqəmin ildə 250 min tona çatdırılması nəzərdə tutulur.

"Azərikimya" İstehsalat Birliyinin 2015-2019-cu illər üçün hədəfi mövcud istehsalatı modernləşdirmək, yeni tikiləcək polipropilen və yüksək sıxlıqlı polietilen istehsalatlarını tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin etmək və "EP-300" istehsalatının səmərəliliyini artırmaqdır.

Beləliklə, Azərbaycanda yeni zavod, fabrik, istehsalat sahələrinin yaradılması, mövcud müəssisələrin daha müasir qurğularla təchiz edilməsi bütövlükdə ölkə iqtisadiyyatının inkişafına töhfəsini verir. Bütün bu addımlar bir daha göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda başlanılan bütün layihələr uğurla icra edilir, yeni-yeni müəssisələr, istehsalat sahələri açılır.

Zavodun kollektivi ilə görüşdən sonra xatirə şəkli çəkdirildi.