"Mövsümün əvvəli olsa da, mövqeyimizdən razıyam"

25 Oktyabr 2015 23:00 (UTC+04:00)

"Arsenal" Premyer Liqanın 10-cu turunda "Everton"a qalib gələrək turnir cədvəlinin zirvəsinə yüksəlib. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, matçdan sonra "topçular"ın baş məşqçisi Arsen Venqer bunları deyib:

"Bizim üçün əla həftə alındı. Buna nail olmaq asan olmadı. Komandanın bu birliyi, əzmi saxlayacağına inanıram. Fikrimcə, hamımız uğura köklənmişik və bilirik ki, top bizdə olanda qol vəziyyətləri yarada bilərik. Bir həftə ərzində "Watford"u 3:0, "Bavariya"nı 2:0 məğlub etdik. Bu gün isə "Everton"a qalib gəldik. Neqativ cəhət ondan ibarətdir ki, bəzi futbolçularımız zədələndi. Lakin çərşənbə axşamı günü baş tutacaq İngiltərə Liqa kuboku matçına qədər bəzi futbolçular heyətə qoşulacaq".

"Sözün düzü, "Manchester City"yə çatmaq üçün 10 turun kifayət edəcəyini gözləmirdim. Düşünürdüm ki, bunun üçün müəyyən müddət lazımdır. Çünki "City" çempionata 5 ardıcıl qələbə ilə başlamışdı. Geri dönüşü belə tez yerinə yetirəcəyimizə inanmaq çətin idi. Amma başqa yolumuz da yoxdur. İndi "Arsenal" turnir cədvəlinin zirvəsindədir. Bu pillədə qalıb sona qədər döyüşmək lazımdır. Mövsümün əvvəli olsa da, mövqeyimizdən razıyam".