Küçə ticarətinə qarşı reydlər gücləndiriləcək

26 Oktyabr 2015 10:08 (UTC+04:00)
Bakı küçələri yenədən alver meydanına dönüb. Artıq payız fəsli olduğundan, əksər meyvələrin yığım mövsümünün olması küçələrdə meyvə-tərəvəz ticarətini daha da gücləndirib. Bakının müxtəlif yerlərində yenədə qabaqlarında vedrə mer-meyvə, küçənin bir küncündəcə əllərində səbət göyərti, portağal satanlara rast gəlinir. Hətta indi Bakının ətraf qəsəbələrində də dayanacaqların ətrafında şıdırğı balıq alveri də gedir. Apardığımız müşahidələr göstərdi ki, küçə alverinin və səyyar ticarətin qarşısını almaq hələdə mümkün olmayıb. Binəqədi rayonunun eyni adlı qəsəbəsində, qəsəbənin mərkəzində dayanacağın ətrafında böyük bir bazar açılıb. Burada yerə düzülmüş iri ləyənlərdə balıqdan tutmuş, yolun sağ tərəfində səkidə meyvə-tərəvəzə, göyərti və quş ətinə qədər məhsullar satışa çıxarılıb. Burada səkini küçə alverçiləri elə tutub ki, gedib-gələnlər mağazaların qarşısındakı pilləkənlərə dırmaşaraq gedib-gəlirlər. Bir qədər kənarda isə elə yerdəcə müxtəlif ədvalar, lavaş, qutab, mer-meyvə və sair satılır. Paytaxtın Nəsimi rayonu ərazisində də eyni vəziyyət müşahidə olunur. Yolkənarı binaların qarşıları kənd-təsərrüfatı məhsulları satanlara hələ də rast gəlinir. Satıcılar isə küçədə ticarətin bazardan heç də pis getmədiyini söyləyirlər. Apardığımız müşahidələrdən belə nəticəyə gəldik ki, paytaxtda hələ bir neçə il bundan öncə qanunsuz küçə ticarətinə qarşı tədbirlər planı hazırlansa da, səmərə verməyib. Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat katibi Əliabbas Bağırov isə küçə və meydanlarda gediş-gəlişə mane olan bütün səyyar ticarət obyektlərinin ləğv edildiyini söylədi. Onun sözlərinə görə, əvvəlki kimi metronun giriş-çıxışlarında alver aparmağa qadağa qoyulub: "Biz bazarların qarşısında da reyd aparmışıq. Demək olar ki, heç bir bazarın qarşısında küçə ticarətinə yol verilmir. Bazar rəhbərləri ilə danışıq aparmışıq ki, həmin insanlara ticarət üçün bazarın içərisində yer verilsin. Sizin dediyiniz ərazilərə yenidən baxış keçiriləcək". 

Ə. Bağırov deyir ki, ölkədə yoxlamaların iki illik dayandırılması barədə Prezidentin fərmanı olsa da, bu küçə ticarətinə aid edilmir: "Küçə ticarətinə qarşı reydlər dayandırılmayıb. Bu gün də davam etdirilir. Küçədə bazar açmaq qadağan olduğundan, bizim Xidmət tərəfindən reydlər davam etdiriləcək".