Biznesə mane olanlar Azərbaycana xəyanət edirlər

27 Oktyabr 2015 06:00 (UTC+04:00)

Prezident İlham Əliyev Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklərin göstərildiyini, onların işinə müdaxilələr olduğunu, onlara qarşı əsassız tələblər irəli sürüldüyünü, qanunsuz ödəmələr tələb olunduğunu bildirdi: "Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək".

Prezident vurğulayıb ki, bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər: "Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin". Mütəxəssislər ölkə rəhbərinin bu çıxışından sonra sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrə son qoyulacağını deyirlər. Bu isə, iqtisadiyyatda ciddi irəliləyişə səbəb olacaq.

İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov da hesab edir ki, Prezidentin çıxışından sonra məmurlardan kənar müdaxilələrin azalmasını gözləmək olar: "Ancaq məsələnin başqa tərəfi də var. Gərək sahibkarlar da aktiv olsunlar. Sahibkarlar təəssüf ki, hazırda şikayət etməkdə maraqlı olmurlar. Əksər hallarda qanun icazə versə də, şikayət etməkdən yan keçirlər. Onlar məmurlar tərəfindən yaradılmış problemlərini məhkəmədə həll etmək istəmirlər.

Ötən ilin 1 mart tarixində "Sahibkarlığın yoxlanılması haqqında" qanun qəbul edilib. Demək, olar ki, sahibkarların yoxlanılması prosesini əvvəldən son qədər elə sahibkarların xeyrinə tənzimləyən qanundur. Amma əksər hallarda sahibkarlar o qanundan istifadə etmirlər. Dövlət orqanları da son aylar yoxlamaya gedəndə sahibkarlar o qanundan istifadə edərək yoxlamaların keçirilməsinə etiraz edə bilərdilər. Yaxud da yoxlamanın hansı formada aparılmasına etirazlarını bildirə bilərdilər. Ancaq əksər hallarda bunu etmirlər. Bəzi hallarda qanunu bilmirlər və hüquqşünasdan da istifadə etmirlər. Hətta hüquqşünasdan istifadə edəndə də belə çox dərinə gedilməməsini istəyirlər.

İndi isə Prezidentin açıq şəkildə bu iradları bildirməsi daha yaxşıdır. Bu baxımdan iqtisadiyyatda irəliləyiş olacaq. Ən azından dövlət orqanlarının sahibkarlıq fəaliyyətinə kənar müdaxilədən çəkinəcəklər. Amma əsas yük sahibkarların üzərinə düşür. Onlar əsas olduqda şikayət etməli, problemlərlərini deməlidirlər. Burada medianın üzərinə də məsuliyyət düşür ki, neqativləri işıqlandırsınlar. Proseslər bu cür olarsa, Prezidentin qərarlarının effektiv nəticəsini görə biləcəyik".

Ekspertin sözlərinə görə, kənar müdaxilələrin olmaması iqtisadiyyatın çiçəklənməsinə səbəb olacaq: "Çünki, Azərbaycan xalqı təbiətən sahibkarlığa meyllidir. Əvvəlcədən oyun qaydaları deyiləcəksə, sahibkalar azad şəkildə bizneslə məşğul ola biləcəklər. Ancaq paralel olaraq dövlət məmurlarının, xüsusi ilə də hakimlərin əmək haqlarını artırmaq lazımdır. Çünki, istənilən mübahisə sonda məhkəməyə gedir çatır. Həmçinin, bilavasitə sahibkarlarla işləyən dövlət orqanlarının əmək haqlarını qaldırmaq lazımdır ki, onlar sahibkardan əlavə xərc tələb etməsinlər. Düzdür, bəzi orqanların əmək haqqları yüksəkdir. Məsələn, Vergilər Nazirliyində hazırda qeyri-rəsmi nəsə yoxdur. Digər dövlət orqanlarının da belə işləməsi lazımdır. Vergi orqanı bu işdə dövlət orqanlarının ən yaxşısıdır".

Əkrəm Həsənov qeyd etdi ki, bu fərmanlar, islahatlarının fonunda bəzi məhsullar üzrə qiymət enməsini gözləmək olar: "Eyni zamanda rəqabət mühiti yaxşılaşdırıldıqca qiymətlər enə bilər. Bu da insanların gəlirlərinin artımı deməkdir. Bu baxımdan qiymətin enməsi də ola bilər".