Gələn ildən manat digər valyutalara nisbətdə bahalaşacaq?!

27 Oktyabr 2015 08:00 (UTC+04:00)

Azərbaycanda avronun kursu son günlərdə aşağı düşməyə başlayıb. Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 26-na olan rəsmi məzənnələr bülleteninə əsasən avrozonanın vahid valyutasının kursu azalaraq 1,1577 manata enib. Həmin tarixə olan dolların rəsmi məzənnəsi artaraq 1,0490 manat təşkil edir.

Əksər ekspertlərin fikrincə, avronun ucuzlaşması fonunda Amerika ixracını qorumaq üçün dolları müəyyən qədər ucuzlaşdıra bilər. Avro-dollar münasibətləri isə manata təsirsiz ötüşməyəcək. Bel əfikirlər səslənir ki, gələn ildən etibarən manat həm avro, həm də dollar qarşısında bahalaşcaq.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, avronun dəyərdən düşməsinin əsas səbəbi Avropa Mərkəzi Bankının son toplantısı və qurumun rəhbəri Mario Draqinin mətbuata verdiyi açıq mesajlar oldu: "Çünki, Mario Draqi avrozonaya, ixracata, istehsala dəstək üçün daha sərt siyasət yürüdüləcəyini bildirdi. Artıq 2016-cı ilin sentyabr ayına qədər Avropa iqtisadiyyatının genişləndirilməsi proqramı qəbul olunub. Bu baxımdan Mario Draqi heç bir dəyişikliklərin olmayacağını bildirdi. Bundan sonra avronun məzənnəsində enmələr başladı.

Bununla paralel olaraq, ABŞ-da da işsizliklə bağlı statistik məlumatlar çıxdı. ABŞ-da işsizlik ciddi şəkildə azalıb. Artıq ABŞ-da işsizlik 5%-ə qədər düşüb. Hansı ki, ABŞ Mərkəzi Bankının (FES) hədəf faizi də 5 faiz idi. İnflaysiyada da az da olsa artım baş verib. Bu da FES-in əsas hədəflərindən biri idi. Bu, onu deyir ki, 9 dekabrda FES-in növbəti toplantısında faizlərin artımı yenidən gündəmə gələ bilər. Bu iki hadisə dünya bazarında avronun dollara nisbətən ucuzlaşmasına səbəb oldu".

Ekspert əlavə etdi ki, ixracat üçün ABŞ-da zəif dollara maraq faktı var: "Bir çox amerikalı ekspertlər də çıxışlarında deyirlər ki, güclü dollar ABŞ ixracatını zəiflədir. Amma bunun əksi mövqeyində duran insanlar da var. Onu da nəzərə almaq lazımdır ki, Amerika şirkətlərinin ixrac etdiyi məhsulların böyük əksəriyyəti başqa yerlərdə istehsalatı olmayan mallardır. Məsələn, son illərdə ABŞ-ın ən böyük ixracatçı şirkəti "Apple" şirkəti olub. Hansı ki, "İpnon"nun və "İpad"in başqa ölkələrdə istehsalı yoxdur. Düzdür, başqa ölkələrdə "Apple" şirkətinin istehsalı təşkil olunur. Amma bu da ABŞ şirkətinin ixracatı sayılır. Odur ki, bəzi ekspertlər milli valytutanın ucuzlaşmasının ixrtacata müsbət təsir etdiyini deyirlər. Amma bəzi ekspertlər isə əksini düşünürlər.

Hazırda ABŞ-da texnologiya, avtomobil sənayesi elə ixracat nöqtəsindədir ki, dolların məzənnəsinin düşməsi ixracatın azalmasına cüzi təsir göstərir. Amma FES-in faiz artımı ABŞ iqtisadiyyatının daha sağlam olmasına səbəb olacaq. Ona görə də yaxın gələcəkdə bu faiz artmını görəcəyik".

Natiq Cəfərli əlavə etdi ki, dollar-avro münasibətləri manata da təsirsiz ötüşmür: "Azərbaycan Mərkəzi Bankının son vaxtlar apardığı səbət siyasətinə görə, dünya bazarında dollar-avro münasibətləri manata təsir göstərir. Artıq keçən həftənin sonunda şahidi olduq ki, avro manata nisbətən ucuzlaşdı. Amma dollara nisbətən manat son həftələrinin ən böyük artımını yaşadı. Yəni, avro ilə dolların çarpaz məzənnəsi manatın məzənnəsinə təsir edir. Getdikcə avronun məzənnəsinin enməsinin şahidi olacağıqsa, manat avroya nisbətən möhkəmlənəcək, dollara nisbətən isə ucuzlaşmağa məcbur olacaq. Bundan başqa Mərkəzi Bankın və Maliyyə Nazirliyinin açıqlamaları oldu ki, manatın "üzən məzənnə"yə keçməsi ilə bağlı müxtəlif işlər görülür. Ancaq "üzən məzənnə"yə keçdikdə manatın zəifləməsi sürətlənəcək".