Ermənistan mətbuatı Azərbaycan müxalifətini təbliğ edir - ANALİTİKA

27 Oktyabr 2015 11:00 (UTC+04:00)

Ermənistanda nəşr olunan mətbuat orqanlarının, eləcə də sayt və portallarının Azərbaycanın radikal müxalifət partiyalarından biri hesab edilən və AXCP-nin mətbu orqanı sayılan "Azadlıq" qəzetinə istinad etməsi,birinci hadisə deyil. Xüsusilə, ölkəmizdə önəmli ictimai-siyasi, mədəni və böyük idman tədbirləri ərəfəsində canlanan erməni mətbuatı demək olar ki, "Azadlıq" qəzeti ilə əməkdaşlıq prizmasında fəaliyyət göstərir. Ortada isə yalnız bir fərq var. "Azadlıq" qəzeti heç vaxt Ermənistanda cərəyan edən real hadisələri –xalqın sosial problemlərini, sadə insanların aclıq və səfalət halında yaşamalarını, Sarkisyan rejiminin zorakılığını, siyasi məhbusların mövcudluğunu, söz və ifadə azadlığının pozulmasını və digərlərini işıqlandırmır. Lakin bütün bunların yerinə, güclü erməni lobbisinin maliyyələşdirdiyi və Qərbdəki qaranlıq siyasi dairələrin oturduğu mərkəzi pultdan "beşinci kolon" funksiyasını icra edir. Əslində, bu mövzu haqqında dəfələrlə və çoxsaylı faktlara əsaslanan yazılar dərc edilib. Hətta sosial şəbəkə vasitəsilə xəbər mübadilələrinin aparılması, davamlı iş birliyinin qurulması haqqında sübutlar da mövcuddur.Bundan nəticəçıxarmaqdansa, əksinə "Azadlıq" qəzeti mövcud fəaliyyəti ilə aşkar şəkildə erməni mətbuatına böhtanlı, reallığı əks etdirməyən informasiyalar ötürülməsi barədə qarşısına qoyulan sübutlara qarşılıq olaraq, susur – nə dəinkar etmir. Susmaq razılıq əlamətidir deyirlər.

Qısası, Azərbaycanın "ənənəvi müxalifəti" adı altında demokratiya libası geyinib, hər kəsə insan hüquqlarından, vətənpərvərlikdən dərs keçən radikal müxalifət və onun mətbuat orqanları ermənilərə və Azərbaycanı sevməyən bəzi qüvvələrə qulluq göstərirlər.

Ölkəmizdəki parlament seçkilərinə sayılı günlər qalıb. Təəssüf ki, Azərbaycanın milli maraqları haqqında fikirlər səsləndirən və erməni mətbuatı vasitəsilə gündəmdə qalmağa cəhd edən "Azadlıq" qəzeti bu dəfə də dövlətin, xalqın mənafeyinə qarşı olduqlarını sübut etmiş olurlar. Erməni mətbuatının "Azadlıq"a istinad etməsi -Ermənistanın "Panorama.am", "Voskanapat.info", "Armtoday.am" və digər saytlarının "vətənpərvərlərimizə" istinad etmələri bu sıradandır.

Məsələn, götürək Müsavat Partiyasının "azad seçki" şüarı ilə keçirdiyi mitinqini. Oktyabırn 25-də "Məhsul" stadionunda keçirilən mitinqə insanların maraq göstərməməsinə, müsavatçı namizədlərin "seçicilərlə görüşü" kimi qələmə verilən aksiyanın vaxtından gec başlamasına və tez bitməsinə rəğmən "Azadlıq" qəzeti Müsavatın bu mitinqini geniş işıqlandırdı. Halbuki, Müsavat Partiyası ilə AXCP arasındakı mövcud vəziyyətin nə yerdə olduğunu ictimai-siyasi proseslərdən xəbəri olanlar yaxşı bilirlər. Bilməyənlər üçün isə qısa xatırlatma etmək yerinə düşərdi. 2013-cü ilin prezident seçkiləri ərəfəsində "Milli Şura"da təmsil olunan Müsavat Partiyası və onun keçmiş başqanı İsa Qəmbər seçkilərə az müddət qalmış "Milli Şura"dan bütün təmsilçiləri ilə birgə çıxdı. Bundan sonra AXCP ilə Müsavat arasında uzun müddətdir ki, davam edən soyuq münasibətlər daha da soyudu. Düşmənçilik həddinə qədər inkişaf edən münasibətlər hər iki siyasi partiyanın mətbu orqanlarına da sirayət etdi. "Azadlıq" və "Yeni Müsavat" qəzetləri arasında sosial şəbəkələrdə, mediada ictimai rəyə açıqlanmayacaq dərəcədə təhqirlər işlədildi. Hətta Müsavatda keçirilən başqanlıq seçkilərindən sonra yeni kresloya yiyələnmiş Arif Hacılı AXCP sədri Əli Kərimliyə iş birliyi təklif etsə də onun təklifini rədd edildi.

Belə olan halda, Müsavat Partiyasının seçkilərlə bağlı keçirdiyi "azad seçki" şüarı altındakı mitinqinin, birdən-birə nəyə görə AXCP-yə xüsusi yaxınlığı ilə seçilən "Azadlıq" qəzeti üçün bu qədər maraq doğurması növbəti sualları yaratdı. Birincisi, son günə qədər Müsavatla düşmən mövqedə dayanan AXCP-nin mətbu orqanı hansı səbəbdən Müsavatın mitinqini dərhal öz səhifəsində geniş şəkildə işıqlandırdı?

İkincisi, həmin məlumat "Azadlıq" qəzetinin saytında və elektron variantında yayılandan dərhal sonra rus dilində Ermənistanın "Panorama.am" və s. saytlarında necə işıq üzü gördü? Bu, "Azadlıq" qəzetinin Müsavatla münasibətləri yenidən bərpa etmək istəyini deyil, Ermənistan mətbuatı ilə qurduğu iş birliyinin aşkar göstəricisidir. Həm erməni mətbuatının, həm də "Azadlıq"ın eyni məqsədə xidmət etməsi sirr deyil.

Əlbəttə ki, yuxarıda da qeyd etdiyimiz kimi, bunun müxtəlif dövlətlərdəki ölkəmizin inkişafını qəbul etməyən bəzi dairələrin ölkəmizə qarşı başlatdığı kampaniya ilə paralel getməsi müəyyən şübhələr doğurur və ölkəmizdə baş tutacaq demokratik seçkilərə kölgə salmaq məqsədini daşıyır.

Artıq hər kəsə bəllidir ki, Azərbaycan regionun ən demokratik dövləti kimi, bütün sahələrlə yanaşı seçkilərlə də bağlı şəffaf və azad fəaliyyətini təmin edib. Ölkəmizdəki çoxpartiyalı sistem və azad mətbuat cəmiyyətdə fikir plüralizmini labüdləşdirib. Belə olan halda, bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycan sosiumunda da müxtəlif fikirlər səsləndirilir. Məhz, buna görə də cəmiyyət haqlı olaraq, soruşur: Nə üçün? Hansı səbəbə görə, Azərbaycana münasibətdə düşmən mövqe tutmuş Ermənistanın "Panorama.am", "Voskanapat.info" və digər saytları ölkəmizin əleyhinə söylənilmiş fikirləri "Azadlıq"dan götürür, ona istinadlar edir? "Azadlıq"ın rəhbərliyini ermənilərlə birləşdirən ortaq "dəyər" nədir? Bu sualın cavabı birdir regionda və beynəlxalq çərçivədə inamla irəliləyən Azərbaycanı bu yoldan çəkindirmək, azdırmaq…Seçkilər ərəfəsində isə sanki bu dairələrə bir impuls verilib.

Xalqımız isə milli maraqları satanları heç zaman dəstəkləməyib, bundan sonra da dəstəkləməyəcək. Ancaq sonda AXCP sədri Əli Kərimlinin 2013-cü il prezident seçkilərində işlətdiyi bir ifadə yada düşür – "Biz hakimiyyətə gəlmək üçün, hətta şeytanla da iş birliyinə getməyə hazırıq… "Milli Şura"nın seçkiqabağı toplantılarının birində onun bu "kəlamı" da "Azadlıq"da işıqlandırılmışdı. Təbii ki, səhəri günü bu "kəlam" Ermənistan mətbuatında manşetə çevrilmişdi…