EU reporter: ATƏT-in ləngliyi Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmasına əsas yaradır

27 Oktyabr 2015 11:05 (UTC+04:00)

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri Dağıq Qarabağ münaqişəsinin həlli prosesində dönüş olacağını vəd etmir, lakin ATƏT-in sülhyaradıcı institutunun ləng hərəkəti Avropa İttifaqına iki xalqın yaxınlaşmasına təkan verməyə, iki rəqibin davamlı sülhə nail olması üçün onlarla inteqrasiya təcrübəsini bölüşməyə imkan verir".

Movqe.az-ın məlumatına görə, bu barədə "EU Reporter" saytı yazıb. Yazıda bildirilir ki, iki on illik ərzində davam edən formal danışıqlar prosesi Azərbaycan və Ermənistan arasında ən çox ehtiyac duyulan etimad tədbirlərini formalaşdırmayıb və bu da irəliləyişi minimuma endirib: "Bu, Aİ-nin qonşuluqdakı ölkələrdə ATƏT-in səylərini tamamlayaraq "dondurulmuş" münaqişələrin həllinə təkan verməsinə, özünü qlobal oyunçu kimi göstərməsinə şans yaradar. Minsk Qrupu kimi formal institutların ləng hərəkətləri onu deməyə əsas verir ki, onların fəaliyyətləri etimad yaradıcı tədbirlərin formalaşması istiqamətində vətəndaş cəmiyyətinin cəlb olunması ilə daha da gücləndirilməlidir. İki onillikdən çoxdur davam edən münaqişədə iki ölkə arasında davamlı sülhün əsas elementi olan etimad dramatik şəkildə çatışmır. İki dünya müharibəsindən çıxan Avropa iki rəqibin yaxınlaşması sahəsində unikal təcrübəyə malikdir və bu təcrübəsini Cənubi Qafqazda bölüşə bilər. Aİ-nin münaqişənin həlli ilə bağlı maraqları neft və qazın çıxarıldığı və Xəzər dənizi maraqları çərçivəsindədir. Daha bir element də var ki, bu münaqişənin həllini Aİ üçün vacib edir. Əgər əvvəl Türkiyə islam dəyərləri ilə dünyəvi dövlət hesab edilirdisə, indi bu, Azərbaycandır. Bu ölkə mültikultural və multietnik ölkədir və müxtəlif cəmiyyətlər üçün qarşılıqlı hörmət mühiti formalaşdırıb".

Yazıda qeyd edilir ki, Aİ qonşuluq siyasəti və "Şərq tərəfdaşlığı" proqramı münaqişənin həllinin prioritet olduğunu açıqlayıb: "Lakin bu məqsədi həyata keçirmək üçün nəzərəçarpacaq addımlar atılmayıb. Ənənəvi olaraq, Aİ ATƏT-in Minsk Qrupunun bu işə məsul tərəf olduğunu bəyan edir, lakin bu yanaşma köhnəlib və Dağlıq Qarabağ münaqişəsinin çətinliyi kompleks yanaşma tələb edir".