Rüşvəti tərəzidə çəkmiş adamlar xislətini dəyişə bilməz – Fikrət Yusifov

27 Oktyabr 2015 12:52 (UTC+04:00)

Sözlərinin və davranışlarının fərqinə varmayan insanların çoxaldığı bir zəmanədə yaşayırıq. Düşünmədən danışmaq, düşünmədən addım atmaq, əsaslandırılmamış iddialarla çıxış etmək, hər hansı fakta söykənməyən bəyanatlar yaymaq isə bəzilərinin əməlli-başlı vərdişinə çevrilib. Henri Fordun yaxşı bir sözü var: "Düşünmək çox çətin işlərdən biridir. Bax, elə ona görə də, bu işlə az adam məşğul olur". Tam əminliklə deyə bilərik ki, bu "az adamlar" sırasında Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifət partiyalarının rəhbərləri yoxdur. Onlar hər hansı açıqlama verərkən qətiyyən düşünmürlər ki, deyilən söz nə dərəcədə əsaslı və faktalojidir. Ona görə yox ki, bunu istəmirlər, sadəcə düşünməyi bacarmırlar – ÇƏTİN İŞdir axı..

Azərbaycan Prezidenti cənab İlham Əliyev son günlər ərzində bir-birinin ardınca ölkə istisadiyyatı üçün böyük perspektivlərə yol açan fərman və sərəncamlar imzalayıb. Bu da heç şübhəsiz ki, hər bir ölkə adamı tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısının dediyi kimi, indi Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsindədir. Burada bir məqamı xüsusi vurğulamalıyıq ki, son bir neçə gündə müşahidə etdiyimiz proses Azərbaycan üçün yeni təcrübə deyil. Bu, əslində sahibkarlığın inkişafı, neftdən asılılığın minimuma endirilməsi, eləcə də korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndiriıməsi istiqamətində son 11 il ərzində həyata keçirilmiş tədbirlərin məntiqi davamıdır. Bu mərhələ qeyd olunan sahələr üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi və illərdir işlənib hazırlanan yeni və daha təsirli mexanizmlərin təcrübəyə yönəldilməsi kimi addımları ehtiva edir. Düz 11 il öncə ölkədə qeyri-neft sektorunun inkişafına dair öz strategiyasını bəyan edən dövlət başçısı belə demişdi: "Neft amili çox böyük rol oynayacaq, amma biz öz siyasi, iqtisadi planlarımızı bunu rəhbər tutub qurmamalıyıq, - sanki Azərbaycanda neft yoxdur, sanki Azərbaycan neft ölkəsi deyildir." (7 dekabr 2004-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2004-cü ilin yekunlarına həsr olunmuş geniş iclasındakı çıxışından).

http://archive.president.az/articles.php?item_id=20070816022447753&sec_id=11

Bu sözləri İlham Əliyev Prezident seçiləndən bir il sonra səsləndirib və özünün sonrakı fəaliyyətində də məhz bu strategiyaya söykənib. Lakin təəssüflər olsun ki, biz yenə də bəzilərinin görülən işlərə qarayaxma cəhdlərini, Azərbaycan iqtisadiyyatını daha böyük hədəflərə aparan prosesə kölgə salmağa yönəlmiş davranışlarını müşahidə edirik. Düşünmək əmsalı sıfra bərabər olan bu adamlar ciddi cəhdlə çalışırlar ki, cəmiyyət ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinə hesablanmış tədbirləri, dünya bazarında neftin qiymətininin ucuzlaşmasından dolayı yaranmış vəziyyətə görə atılan məcburi addımlar kimi qəbul etsin. Guya qeyri-neft sektoru bu vaxta qədər hökumətin yadına düşməyib və ölkə başçısı da ilk dəfədir ki, bu mövzuya toxunur. Bəylər, insafınız olsun, saçınız, saqqalınız da ağarıb, heç olmasa bundan sonra danışmamışdan əvvəl düşünün, arxivlərə nəzər yetirin, bilənlərdən soruşun və onda məlum edəcəksiniz ki, Prezident İlham Əliyev qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinin vacibliyindən danışanda və bu istiqamətdə konkret addımlar atanda siz alayı mövzularla məşğul idiniz. Prezident bu kursu müəyyən edəndə, bu istiqamətdə xüsusi dövlət proqramlar qəbul olunanda siz siyasi ambisiyalarınızı bərk-bərk qucaqlayıb boş xülyalarla yaşayırdız. Prezident isə düz 11 il əvvəl belə deyirdi: "Qeyri-neft sektorunun inkişafı, yeni texnologiyaların tətbiq olunması, müasir yanaşmanın həyatda öz əksini tapması bizim gələcək uğurlarımızın əsasını qoyacaqdır". Nəhayət fərqinə varın ki, yenicə müstəqilliyini bərpa etmiş, üstəlik sizin də sayənizdə bütün sahələri iflic edilmiş bir ölkə öz iqtisadiyyatına nəfəs vermək, onu dirçəltmək üçün məhz Allahın bəxş etdiyi sərvətdən – neftdən yararlanmalı idi. Dövlətin "iməklədiyi" vaxtlarda nefti qoyub gedib çöllərdə qarğıdalı əkəsi deyildik ki... Qəpik-quruş qoyub getdiyiniz bübcə ilə hansı sahəni inkişaf etdirmək olardı?.. Digər sahələrin inkişaf etdirilməsinə həvəs və maraq yalnız növbəti mərhələlərdə yarana bilərdi və indi biz məhz həmin dönəmə gəlib çatmışıq. İlkin mərhədə düzgün və bütün parametrlərinə görə dəqiq cızılmış Neft strategiyasına ehtiyac var idi ki, bunu da ulu öndərimiz çöx böyük məharət və uzaqgörənliklə yarada bildi. Mən sizin dövləti necə idarə etdiyinizin əyani şahidiyəm. Yol verdiyiniz siyasi nadanlıqlar məni bəzi məqamları açıb cəmiyyətə demək zorunda qoyur. Söyüşlə dolu yazılar dərc etməkdə peşəkarlaşmış bir qəzetin səhifəsində siyasi bir alverçinin şəkilini Prezidentin şəkili ilə yanaşı qoymağınızı belə özümə təhqir sayıram. Siyasi meydanda iki qapiya oynamış və bəzən də üçüncü qapı axtarışında olmuş siyasi əxlaqsızları nə yaxşı ki, tanıyanlar çoxdur və indi onlar özlərini "imam övladı" kimi təqdim etməyə çalışsalar da bunun heç bir nəticəsi olmayacaq – tanıyan tanıyır...

Bu çirkin siyasi oyunbazlar öz hakimiyyətləri dövründə Prezident Əbülfəz Elçibəyin beşinci mərtəbədə imzaladığı fərmanları ikinci mərtəbədəcə cirib atırdılar. Yüksək vəzifələrə təyin etdikləri məmurlar rüşvəti kisələrlə alırdı. Belə məmurlardan biri şəxsən mənə illər keçəndən sonra etiraf edib dedi ki, o zaman alınan rüşvəti saymağa vaxt çatmadığından pulları tərəziyə qoyub çəki ilə "hesablaşırlarmış". Əbülfəz Elçibəy də yaxşı bilirdi ki, məmurlar rüşvəti kisə ilə alırlar. Elə ona görə də 1993-cü ilin mart ayında Xalq Cəbhəsinin Səbayıl rayon İcra Hakimiyyətinin binasında keçirilmiş tədbirində məmurlara üzünü tutaraq belə demişdi: "Ay bəylər, sizlər çox - hakimiyyətdə isə vəzifələrin sayı az. Bizimlə birlikdə meydanlarda mübarizə aparmış adamların hamısaına vəzifə verə bilmərəm axı! Rüşvət alırsınız, zəhmət çəkin onları da dolandırın". Bax, dövlət idarəçiliyi tamamilə bu psixologiyaya təslim olmuşdu. Elə ona görə də torpaqlarımız işğal olundu, ölkə iqtisadiyyatında inkişaf sözünün bir hərfinə belə rast gəlinmədi. Sovetlər Birliyinə daxil olmuş başqa respublikalardakı müəssisələrin əksəriyyəti fəaliyyətini davam etdirdiyi halda, Azərbaycanda iş yerləri bağlandı, qonşu ölkələrlə iqtisadi əlaqələr kəsildi, insanların sosial vəziyyəti acınacaqlı hal aldı, cinayətkarlıq pik həddinə çatdı, məmur özbaşınalığı özünə sərhəd tanımadı... Ölkə elə bir günə qoyulmuşdu ki, hakimiyyətin son günlərində hökumət başçısı kabinetində oturub avtonəqliyyat müəssisələrinə təkər, akkumlyator bölgüsünü şəxsən özü aparırdı. Bax, bu idi Azərbaycanın o zamankı acı mənzərəsi. Bu mənzərənin yaranmasında misilsiz rol oynamış adamlar indi hakimiyyətə "yol göstərir", Azərbaycanı regionun həm siyasi və həm də iqtisadi cəhətdən ən qüdrətli dövlətinə çevirmiş, apardığı müstəqil siyasətlə böyük güc sahibi olan ölkələri belə bizim mövqeyimizlə hesablaşmağa məcbur edən Prezidentə "məsləhət" verəcək qədər "ağıllı" olublar. Azərbaycan Prezidentinin qeyri-neft sektorunun inkişaf etdirilməsinin əhəmiyyəti barədə çıxışları konkret addmlar və uğurla həyata keçirilən proqramlarla müşayət olunub. 2004-cü ildən üzü bəri onun bilavasitə rəhbərliyi altında ölkədə iri infrastruktur layihələri həyata keçikmək yolu ilə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına fundamental zəmin formalaşdırılıb. Bu günsə Azərbaycanın qeyri-neft sektoru kifayət qədər böyük sürətlə inkişaf edir. "Ağıl" öyrədənlər oturub araşdırsınlar – hansı neft ölkəsində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı 5 il ərzində 20%-ə qədər, bu sektordan ixracın həcmi isə 60%-dən çox arta bilib? Boş danışıqlar heç kəsə gərək deyil. Bu gün Azərbaycanda Ümumi Daxili Məhsulun 70%-ə qədəri qeyri–neft sektoruna payına düşür. Bir neft ölkəsində bu göstərici öz-özünə gəlib bu səviyyəyə çata bilməzdi. Əldə olunan nəticələr dövlət başçısının yürütdüyü düzgün iqtisadi siyasətin nəticəsidir.

Bu gün dünyanın ən nüfuzlu maliyyə institutlarının belə etiraf etdiyi reallıqları təkcə bu siyasi oyunbazlar "qəbul etmir". Səbəbi sadədir: Azərbaycanın inkişafı əhalinin heç 0,1%-nin belə dəstəyini qazana bilməyən bu siyasi oyunbazların maraqlarına uyğun deyil. Bu gün ölkə başçısı illərdən bəri bəyan etdiyi iqtisadi kursun daha sürətli aparılmasında qərarlıdır. O, bu yolda çoxlarının belə düşünə bilmədiyi proqressiv addımlar atır. Siyasi ambisiyası siyasi qabiliyyətindən qat-qat aşağı olanlar isə bunu həzm edə bilmirlər. Azərbaycan iqtisadiyyatının bu sürətlə şaxələndirilməsi nəticəsində yaxın 4-5 ildən sonra "qeyri-neft sektoru", "sahibkarlığın inkişafı" kimi mövzuların da tamamilə qapanacağından ehtiyat edirlər... Hadisələr isə məhz bu istiqamətdə inkişaf edir. Ortada Prezidentin iradəsi və çağırışı var: "Mən bir daha bütün iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür".