Bakı-Sumqayıt qatarında gediş haqqı ucuzlaşacaq?

27 Oktyabr 2015 12:58 (UTC+04:00)

Bakı-Sumqayıt qatarlarında gediş haqqı qiymətinin azaldılması ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə vətəndaşlardan müraciətlər daxil olur.

Movqe.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

N.Əzməmmədov bildirib ki, Bakı-Sumqayıt qatarı yeni fəaliyyətə başlayıb: "Qatarlarda gediş haqlarının qiymətləri də yeni tətbiq olunub. Bu baxımdan da qiymətləri yenidən dəyişmək tezdir. Bakı-Sumqayıt qatarlarında gediş haqları məsələsinə Tarif Şurası baxır. Tarifləri biz müəyyən etmirik. Amma müraciətlər çox olduğundan ola bilsin ki, gələcəkdə qiymət məsələsinə yenidən baxılsın. Amma hələlik bu məsələ gündəmdə deyil".

Qeyd edək ki, hazırda Bakıdan Sumqayıta hərəkət edən qatarlarda gediş haqqı 80 qəpikdir. Tarif (qiymət) Şurası bu qiyməti sentyabrın 14-də təsdiq edib.