Nazirdən psixoloqlarla bağlı-ƏMR
27 Oktyabr 2015 13:58 (UTC+04:00)
Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmrə əsasən, ilk dəfə
olaraq Azərbaycanda tibb müəssisələrində klinik psixoloqlar
fəaliyyət göstərəcəklər. Bu barədə Movqe.az-a Səhiyyə Nazirlyinin
mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki,
ölkədə psixi sağlamlıq xidmətlərinin daha yaxşı təşkil edilməsi
üçün klinik psixoloqların tibb müəssisələrində çalışması olduqca
vacibdir. İnsanlar xəstəliklər zamanı təkcə fiziki baxımdan deyil,
eyni zamanda müxtəlif psixoloji problemlər və emosional halətlərlə
qarşılaşırlar. Bu problemlərin vaxtında aşkar olunması və həll
edilməsi şəxslərin psixososial adaptasiya imkanlarını
genişləndirir. Məsələn, sonsuzluqdan uzun müddət müalicə alan
qadının motivasiya və tələbatlar sisteminin, əhval-ruhiyyəsinin,
şəxsiyyətlərarası münasibətlər sferasının və s. qiymətləndirilməsi
və psixoloji müdaxilənin təşkil edilməsi onun həyat keyfiyyətlərini
yüksəldəcək. Psixoloqlar eyni zamanda müxtəlif psixoloji müayinə
üsulları ilə yardım göstərirlər. Məsələn, hansısa ağır və xroniki
xəstəliklər zamanı təkcə farmakoloji müalicə deyil, həmçinin
psixoloji müdaxilə təşkil olunmalıdır (psixoloji konsultasiya,
böhran hallarında müdaxilə və s. ). Psixoloji problemlər təkcə
psixi xəstəliklər zamanı rast gəlinmir. Belə ki gündəlik həyat
şəraiti zamanı bəzən biz gözlənilmədən krizis vəziyyəti ilə üzləşə
bilərik. Bu zaman psixoloqların xidməti əvəzsizdir. Beynəlxalq
tədqiqatlar göstərir ki, ağır və xroniki xəstəliklər zamanı əsas
müalicə ilə yanaşı psixoterapiya da aparılarsa, nəticə daha uğurlu
olur. Bəzi pozuntular (post-trvamatik stress pozuntusu,
obsessiv-kompulsiv pozuntu, sosial fobiya və s.) zamanı isə
medikamentoz müalicənin effektivliyi nisbətən aşağı
qiymətləndirilir. Bu pozuntuların aradan qaldırılmasında
psixoterapiya daha səmərəli olur. Psixoloqların müxtəlif səhiyyə
xidmətlərində çalışmasının digər vacib aspekti maarifləndirmə
işlərinin aparılmasının zəruriliyi ilə bağlıdır. Psixi sağlamlığın
dəstəklənməsi və psixi xəstəliklərin profilaktikası üçün
maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir.
Maarifləndirmə tədbirləri təkcə xəstələri deyil, eyni zamanda ailə
üzvlərini də əhatə edir. Ailə üzvləri adətən psixi xəstəliklər
zamanı şəxsə necə yanaşmalı və rəftar etməli olduqlarını bilmirlər.
Məhz bununla bağlı onlar stress keçirə bilərlər. Psixoloqlar
ailələr və pasiyentlərlə bir yerdə işləyəndə məsələnin həlli
yolları ilə bağlı cox yaxşı qərarlar qəbul edə və problemdən çıxış
yolları tapa bilərlər. Psixoloq fəaliyyətinin digər aspektlərindən
biri də burda bəzi diaqnostik alətlərin və instrumentlərin
mövçudluğudur ki, bunlar başqa sahələrdə yoxdur. Bu alətlər yalnız
diaqnoz qoymaq üçün istifadə edilmir. Onlar eyni zamanda pozuntunun
ağırlıq dərəcəsini, həyat keyfiyyətlərini, adaptasiya səviyyəsini,
şəxsi xüsusiyyətlərini, qabiliyyətləri və s. qiymətləndirir. Bu
səbəbdən sağlam insanların işə yararlılığının qiymətləndirilməsi,
çağırışçıların hərbi-tibbi ekspertizası, və ya məhkəmə ekspertizası
zamanı psixoloqların rolu əvəzsiz ola bilər. Adətən psixiatr və
psixoloq peşəsi qarışıq salınır. Psixiatriya və psixologiya
ayrı-ayrı ixtisas sahələri olub pasiyentlərə yanaşma
istiqamətlərinə görə bir-birlərindən fərqlənirlər. Psixiatr
həkimdir, onlar psixi pozuntuların bioloji aspektlərinə daha çox
önəm verərərək psixofarmakoterapiyadan istifadə edirlər. Lakin
həmin xəstələrin digər problemləri də ola bilər. Məsələn,
şəxsiyyətlərarası münasibətlərdə problemlər, təhsillə bağlı olan
problemlər, aşağı özünüqiymətləndirmə və aşağı motivasiya, stressin
qarşısının alınması kimi məsələlərin həll edilməsi psixoloji
müdaxilələr vasitəsilə həyata keçirilir. Sadalanan problemlərin
aradan qaldırılması psixiatrik, medikamentoz müdaxilə ilə mümkün
deyildir. Psixoloq psixiatr olmasa da, bu problemləri necə həll
edilməsi ilə bağlı biliklərə malikdir. Ən yaxşı nəticələr o zaman
özünü göstərir ki, psixoloqlar psixiatrlarla əməkdaşlıq edir və
insanlara kompleks şəkildə yardım göstərirlər. Məhz bu səbəbdən
Elmi Tədqiqat İnstitutlarında, Tibb mərkəzlərində, Akad. Mirqasımov
adına Respublika Klinik Xəstəxanasında, Respublika Perinetal
Mərkəzində və s. yerlərdə Səhiyyə Nazirliyi tərəfindən psixoloq
ştatı açılacaq və klinik psixoloqlar burada fəaliyyət
göstərəcəkdir. Bu müəsissələrdə psixoloqların fəaliyyət göstərməsi
ilə müalicəyə müasir və hərtərəfli yanaşma həyata
keçiriləcək.