Dərman qiymətləri sığora şirkətlərinin gəlir problemini çözəcək

28 Oktyabr 2015 07:00 (UTC+04:00)

Azərbaycanda tətbiqi uzun müddətdir ki, gözlənilən icbari tibbi sığorta prosesinə gələn ildən start verilməsi gözlənilir. Təbii ki, proses səhiyyə sektorunda mühüm yeniliklərə, eyni zamanda insanları tibbi xərclərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq. Bu mənada icbari tibbi sığortanın tətbiqi cəmiyyətin də xüsusi maraq dairəsindədir.

Xatırladaq ki, parlamentdə 2016-cı ilin büdcəsinin müzakirələri zamanı maliyyə naziri Samir Şərifov da diqqətə çatdırmışdı ki, növbəti ildən eitbarən Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq olunmağa başlayacaq. Onun sözlərinə görə, artıq hökumt bu istiqamətdə ciddi işlər aparır və növbəti ildən tədricən bu sistemin tətbiqinə başlanılacaq. Nazir bildirib ki, icbari sığorta zamanı dövlət xəstənin müəyyən qism xərclərini öz üzərinə götürəcək: "Yerdə qalan hissəsi isə donorlar, xəstənin yaxınları və digərləri tərəfindən ödənilə bilər". Onu da qeyd edək ki, səmərəli sığorta sisteminin formalaşdırılması üçün müəyyən addımların atılması da planlaşdırılır. Məsələn, sığorta sisteminin inkişafı və onu iqtisadi artımın vacib amilinə çevirmək məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi, sığortaçıların maliyyə sabitliliyini və ödəniş qabiliyyətinin gücləndirilməsi, sığortaçıların maraqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi bundan sonra xüsusi diqqət mərkəzində olacaq. Eyni zamanda dövlətin sığorta üzərində səmərəli nəzarətinin artırılması, milli sığorta sisteminin dünyaya inteqrasiyasının davam etdirilməsi, sığorta hadisələrində sənədlərin rəsmiləşdirilməsi prosedurunun təkmilləşdirilməsi də diqqət yetrilən əsas məqamlar sırasında yer alacaq.

Dərmanların qiymətlərinin tənzimlənməsi isə prosesin daha da sürətlənməsinə rəvac verir. Lakin sığorta şirkətləri dərmanların hamısının qiymətlərinin tənzimlənməsini istəiyrlər ki, prosesdən həm də qazanc götürə bilsinlər. "A Qroup Sığorta" şirkətinin tibbi sığorta departamentinin rəhbəri Yalçın Niftiyev məsələ ilə bağlı "fins" portalına bildirib: "Dərmanların qiymətlərinin tənzimlənməsinin tibbi sığortaya o zaman müsbət təsiri olacaq ki, bu qayda bütün dərmanlara şamil edilsin". Onun sözlərinə görə, sentyabr ayında minə yaxın dərman növünün qiyməti tənzimlənib. Noyabr ayından da dərmanların bir hissəsinin qiyməti tənzimlənəcək. Lakin bu rəqəm qeydiyyatdan keçən dərman növlərinin sayı ilə müqayisədə kiçikdir. Hazırda Azərbaycanda qeydiyyatdan keçən 5700, ümumilikdə isə 8 000 dərman növü satılır. Onların hamısının qiymətinin tənzimlənməsi isə gələn ilin ortalarına kimi reallaşacaq. Qiymət tənzimlənməsinin bütün dərmanlara şamil edilməsi isə qeyd olunduğu kimi sığortaşirkətlərinin də gəlirlərini artıracaq.

Əczaçılıq məhsullarının qiymətinin vahid qaydada təyini isə tibbi sığortanı daha cəlbedici edir. Ümumiyyətlə, dərmanların qiymətinin tənzimlənməsi yalnız icbari deyil, könüllü tibbi sığorta üçün də vacib sayılır. Çünki sığorta hadisələrinin baş verməsi nə qədər qeyri-müəyyən olsa da, həmin hadisələr zamanı ödənişin hesablanması konkretlik tələb edir.

Qonşu ölkələrin təcrübəsi göstərir ki, icbari tibbi sığortanı daha uğurla tətbiq edən ölkələr də əvvəlcə dərmanların qiymətini tənzimləyib. Buna ən yaxşı nümunə Türkiyədir. Burada qiymətlər tənzimləndiyindən sığorta şirkətlərinin ödəniş etmələri də asandır və onlar hansı həcmdə ödəniş edilməsini də rahatlıqla müəyyən edirlər. Türkiyədə ən həssas təbəqələrin, məsələn, özünü maliyə baxımdan təmin edə bilməyən şəxslərin, 18 yaşına qədər uşaqların, vətəndaşlığı olmayan səxşlərin və qaçqınların sığorta haqları hökümət tərəfindən ödənilir.Azərbaycan da tibbi sığorat məsələsində ən qabaqcıl dünya təcrübəsini tətbiq etməyə hazırlaşır.