Qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıdırlar?!

28 Oktyabr 2015 08:00 (UTC+04:00)

"Qaçqın problemi nəzərə alınmadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərtərəfli həllə nail olmaq mümkün deyil". Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu məsələ hər dəfə açıq şəkildə müzakirə edilməsə də, bütün görüşlərdə ona lazımi diqqət ayrılır: "Regionda yüz minlərlə qaçqın var. Onları dinləmək lazımdır. Qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmaq imkanı verilməlidir".

Siyasilər amerikalı həmsədrin bu təklifini Azərbaycan üçün sərfəli hesab edirlər. Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri: "Madrid prinsipləri" məsələnin kompleks şəkildə həll olunmasını əhatə edir. Ancaq Uorlikin indiki açıqlaması problemin mərhələli həllindən xəbər verir. Ermənistan bu təklifi qəbul edərsə, problemin həlli üçün bu, ən münasib varinatdır. Çünki, problemi kompleks həll etmək çətin məsələdir. Qaçqınlar qayıtmadan, Azərbaycan ilə Ermənistan arasında kommunikasiya xətləri açılmadan, diplomatik münasibətlər, hansısa digər əlaqələr qurulmadan problemin müsbət həllindən danışmaq mümkün deyil.

Ermənilər 20 ildən artıqdır ki, məsələnin məhz kompleks həllini istəyiblər. Hətta Dağlıq Qarabağa veriləcək statusun digər məsələlərlə eyni zamanda həll olunmasını tələb edirlər. Ancaq qaçqınların, məcburi köçüknlərin geri qaytarılması təklifi varsa, artıq bu, mərhələli həll planı anlamına gəlir. Bu, çox müsbət haldır. Ancaq Ermənistan rəhbərliyinin ritorikalarında, eyni zamanda Dağlıq Qarabağ probleminin həllində hansısa müsbət element hiss olunmur. Ola bilsin ki, bu, Uorlikin, yaxud da həmsədlərin gəldiyi fikirlərdir. Əgər doğurdan da belə fikrə gəliblərsə, bu, problemin həlli istiqamətində doğru addım olardı".

Digər siyasi şərhçi Tofiq Abbasov bildirir ki, qaçqın probleminin arxasında milyonlarla insanın hüquqları durur: "Azərbaycan da dəfələrlə beynəlxalq qurumların qarşısında bu problemi qaldırıb. Bir halda ki, Avropanın müxtəlif dövlətləri, parlamentləri zaman-zaman fərdi hüquqların qorunması məsələsini qaldırılır, milyonlarla insanın hüquqlarından da danışsınlar. Əgər bu problemi aktuallaşdıran C. Uorlikdirsə, ola bilsin, onlar dalana dirəniblər ki, üzlərini bu məsələyə çeviriblər.

Bu məqam Azərbaycan üçün humanitar baxımdan vacib məsələdir. Diplomatlar, rəsmilər bu məsələdən sanki həmişə uzaq dururdular. Əgər Uorlik diqqəti qaçqınlara yönəldirsə, ola bilsin ki, siyasi, diplomatik dəhlizlərdə problem önə çıxarılsın. Əgər bunun müqabilində Ermənistan da öz qaçqın problemini qaldırırsa və müqayisələndirilərsə, tərs-mütənasiblik müşahidə ediləcək. Azərbaycanın qaçqın sayı kütləvi xarakter daşıyır. Amma qaçqınların öz torpaqlarına qaytarılması aktuallaşıbsa, o zaman işğalçı Ermənistanın qoşunları da qeyri-şərtsiz Qarabağ torpaqlarından çıxarılmalıdır. Bu məsələlər ardı-arda öz həllini tapmalıdır".