Yapon nazir: “Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmalıdır"

27 Oktyabr 2015 16:24 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin sədri Oqtay ƏsədovYaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri, Azərbaycanla parlamentlərarası dostluq liqasının sədri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

MM-dən verilən məlumata görə, O. Əsədov Azərbaycanla Yaponiyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayıb. O qeyd edib ki, azərbaycanlıların Yaponiya dövlətinə və xalqına böyük rəğbəti var: "Bu günədək ölkələrimiz arasında 26 sənəd imzalanıb, 23 sənəd isə baxılmaq üzrədir. Siyasi əlaqələrimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 240 milyon ABŞ dolları həcmində olub. Bu ilin 8 ayı ərzində isə bu rəqəm 370 milyonu keçib. Azərbaycanda Yaponiya şirkətləri müvəffəqiyyətlə fəaliyyət göstərirlər".

O. Əsədov Dağlıq Qarabağ problemindən söz açaraq münaqişənin həllində beynəlxalq birliyin qətiyyət göstərməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Yaponiya kimi dövlətlərin təmsil olunması regional münaqişələrin həllinə öz müsbət təsirini göstərərdi.

Akira Amari Azərbaycana ilk dəfə 11 il əvvəl səfər etdiyini, bu müddət ərzində Bakının tanınmaz dərəcədə dəyişdiyini xüsusi vurğulayıb. O bildirib ki, Yaponiya Azərbaycanla təkcə neft-qaz sahələrində deyil, qeyri-neft sektorunda da əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Qonaq Dağlıq Qarabağ probleminin regionda sülh və əmin-amanlığın bərpası baxımından tezliklə həllinin vacibliyinə diqqət çəkib, münaqişənin aradan qaldırılması üçün beynəlxalq hüquq normaları çərçivəsində Minsk Qrupu tərəfindən səylərin artırılmasının zəruriliyini söyləyib. Səfər çərçivəsində azərbaycanlıların Yaponiyaya böyük maraq göstərdiklərinin şahidi olduğunu qeyd edən qonaq Bakı Dövlət Universitetində yapon dilinin tədris olunmasını təqdir edib.

Qəbulda parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.