"Qazprom": BOTAŞ-la yaranmış mübahisəli məqam məhkəməyə qədər həll oluna bilər

27 Oktyabr 2015 16:52 (UTC+04:00)

"Qazprom" Türkiyə tərəfi ilə təbii qaz tarifləri ilə bağlı yaranmış mübahisəli məqamların məhkəməyə qədər həll edilməsini istisna etmir.

Movqe.az-ın RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu "Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupriyanov Türkiyənin dövlət şirkəti olan BOTAŞ-ın beynəlxalq arbitraj məhkəməsində Rusiyanın təbii qaz inhisarçısına qarşı iddia qaldırmasına münasibət bildirərkən deyib.

"Arbitraj məhkəməsində müraciət rəsmi müqavilədə əskini tapmış variantlardan biridir. Bu, normaldır. Qalır məsələnin məhkəməyə qədər həll olunması variantı", - deyə S. Kupriyanov bildirib.

"Qazprom" rəsmisi bildirib ki, Rusiya tərəfi Türkiyəyə nəql olunan qaza görə qiyməti endirə bilər.

Qeyd edək ki, "Bloomberg"in məlumatına görə, BOTAŞ beynəlxalq arbitraj məhkəməsində Rusiyanın təbii qaz inhisarçısı "Qazprom"a qarşı iddia qaldırıb.

Səbəb qiymət məsələsində tərəflərin razılığa gələ bilməməsidir.

BOTAŞ 2014-cü il dekabrın 29-dan bəri Rusiyadan aldığı təbii qazın qiymətinə yenidən baxılmasını tələb edir. Hər iki ölkə 2014-cü ildə qazın qiymətində endirim edilməsində anlaşıb, lakin bu məsələ "Türk axını" boru kəmərinin tikintisindən asılı vəziyyətə gətirilib. Bu il iyulun sonlarında "Türk axını"nın tikintisi üzrə danışıqların dondurulduğu açıqlanıb. Bunun səbəblərindən biri kimi Rusiyanın endirimə getməməsi göstərilib.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Əli Rza Alaboyun "Doğan" xəbər agentliyinə açıqlamasında oktyabrın 26-da beynəlxalq arbitraja rəsmi müraciət etdiklərini bildirib: "Biz qiymətlərin yüksək olduğunu söylədik və endirim istədik. Əvvəlcə Rusiya tərəfi ilə bu barədə razılaşdıq, lakin müqavilədə nəzərdə tutulduğu vaxt ərzində danışıqlar yekunlaşsa da, razılaşma imzalanmadı. Son bir ayda intensiv yazışma aparırdıq, lakin bir nəticəsi olmadı. Müəyyən dövr ərzində arbitraja getmək hüququmuz vardı və bundan istifadə etdik. Müraciətimizdə bizə satılan təbii qazın qiymətinin Avropadakı qiymətlərə eyni olmasını tələb etdik. Yəni, hazırda Rusiya ilə arbitrajdayıq".