Azərbaycanın Aİİ-yə üzvlüyü mümkün sayıldı

28 Oktyabr 2015 09:45 (UTC+04:00)

Azərbaycan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola biləcəyini növbəti dəfə açıqladı. İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bunun mümkün ola biləcəyini deyib. Nazir müavini qeyd edib ki, biz Azərbaycana fayda gətirəcək ittifaqlarda iştirak edə bilərik: "Bunun üçün belə təşkilatlarda iştirakın bütün mənfi və müsbət tərəflərini təhlil etmək, ətraflı qiymətləndirmə aparmaq lazımdır".

Xatırladaq ki, daha əvvəl xarici işlər naziri Elmar Məmmədyarov da Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını istisna etməmişdi. Sabiq maliyyə naziri "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, bu gün Azərbaycan üzləşdiyi əsassız təziqlərə baxmayaraq, beynəlxalq müstəvidə özünün müstəqil siyasətini davam etdirir: "Bizim Dağlıq Qarabağ kimi problemimiz var. Beynəlxalq dairələr bu problemin həllinə 20 ildən artıqdır ki, ikili standartlar prizmasındandan yanaşırlar. Odur ki, Azərbaycan belə bir vəziyyətdə öz maraqlarına cavab verən addımlar atmalı, özünün xarici siyasətində müəyyən korrektələr etməlidir.

Bu gün Azərbaycan hansı ittifaqlara qoşula bilər? Kimlərlə əməkdaşlığa daha çox maraq göstərməlidir? Bu suallar hər bir azərbaycanlını düşündürür. Lakin üzləşdiyimiz ədalətsiz və qərəzli yanaşmalardan dolayı bizim hər kəsə verə biləcəyimiz bir cavab var: Biz o ittifaqlara qoşula bilərik ki, ölkəmizin iqtisadi və siyasi maraqları bundan ziyan çəkməsin. Biz o ölkələrlə əməkdaşlığın inkişafındda maraqlı ola bilərik ki, həmin ölklər və ya tərəflər bizə işğal altında olan torpaqlarımızın qaytarılmasında dəstək versinlər və bu problemin beynəlxalq hüququn tələblərinə uyğun şəkildə həll olunmasında yardımçı olsunlar. Bu prinsiplər çox sadədirlər və bu səbəbdən onlar bizimlə qarşılıqlı hörmətə əsalanan ikitərəfli əməkdaşlıq etmək istəyən tərəflərə aydın olmalıdır.

Bu gün Azərbaycan ona iqtisadi və siyasi dividendlər gətirə biləcək istənilən ittifaqa, o cümlədən Avrasiya İqtisadi İttifaqına da üzv ola bilər. Bu ittifaqa üzvlüyün iqtisadi tərəfləri qədər, onun siyasi tərəfləri də bizim üçün maraqlıdır. Hər bir işdə qarşılıqlı maraqlar təmin edilməlidir. Vahid iqtisadi zonada yerləşən və uzun illərdir ki, MDB kimi siyasi birlikdə təmsil olunan ölkələrin yeni iqtisadi ittifaqda bir araya gəlməsi əslində, təbii qarşılanmalıdır. Rusiyanın marağı bu ittifaqı yaradıb genişləndirmək olduğu kimi, bizim də əsas marağımız bu ittifaqa qoşularaq Qarabağ proplemini Rusiyanın təsiri ilə həll etmək, iqtisadiyyatımızı, xüsusən də onun qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarət ola bilər. Ümumiyyətlə, bu ittifaqa normal - bizi qane edəcək şərtlərlə daxil olmağımız ölkə iqtisadiyyatına kifayət qədər ciddi dividendlər gətirə bilər. Amma bundan da önəmlisi, dediyim kimi, Qarabağ məsələsidir. Sözsüz ki, hələlik tam aydın olmayan məqamlar da var. Məsələn, İttifaqa üzv ölkələr arasında qarşılıqlı ticarət əlaqələrinə, idxal-ixrac əməliyyatlarına dair bir çox detallar var ki, onların hamısına aydınlıq gətirilməlidir. Düşünürəm ki, qarşıdakı mərhələdə bütün suallara cavab tapa biləcəyik".