Seçkiləri 63 min yerli müşahidəçi izləyəcək

27 Oktyabr 2015 21:30 (UTC+04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycandakı demokratik inkişafa qısqanclıqla yanaşır. Təşkilatın noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçilərinə müxtəlif bəhanələrlə müşahidə missiyası göndərməkdən imtina etməsi də bunun göstəricisidir. Əslində, Büronun müşahidə missiyası göndərməməsi texniki problemlə bağlı olsa da, ATƏT DTİHB-nin rəhbəri Maykl Linkin son açıqlamaları göstərir ki, təşkilat bu məsələni siyasiləşdirməyə çalışır. Belə ki, "meydan.tv" Maykl Linkin fikirlərini yayıb və o, iddia edir ki, Azərbaycanda seçki sisteminin və seçki mühitinin demokratik olmaması səbəbindən təşkilat Azərbaycana müşahidə missiyası göndərməkdən imtina edib.


Secki-2015.az saytı məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədlinin fikirlərini öyrənib. O bildirib ki, Azərbaycan dövləti hər zaman seçkilərin azad və şəffaf keçirilməsində maraqlı olub. Onun sözlərinə görə, bu səbəbdən də, seçkiləri müşahidə etmək üçün çoxsaylı beynəlxalq qurumlara dəvət göndərilir.


"Noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün 40-dan çox beynəlxalq təşkilatın 500-ə yaxın nümayəndəsi MSK-da müşahidəçi kimi qeydiyyatdan keçib. Bu faktın özü ölkəmizdə keçiriləcək parlament seçkilərinə beynəlxalq ictimaiyyətin marağının yüksək olmasını göstərir. Eləcə də, 63 min yerli müşahidəçi seçkiləri izləmək üçün qeydiyyatdan keçib. Onların arasında müxtəlif siyasi partiyaların, QHT-lərin nümayəndələri kifayət qədərdir ki, bu da ölkə ictimaiyyətinin seçkilərin azad və şəffaf keçirilməsinə marağının yüksək ifadəsidir. Bütün bunlarla bərabər, Azərbaycanın seçki keçiriləcək bütün ərazilərini əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb ki, istənilən yerli və xarici vətəndaş seçki məntəqələrinə gəlmədən səsvermənin gedişini müşahidə edə bilər. Eləcə də, KİV-lərin bu prosesi izləmək üçün geniş imkanlar yaradılıb. Bizim üçün əsas məsələ seçkilərin Azərbaycan xalqı və seçiciləri üçün azad və şəffaf keçirilməsidir", - deyə Ş.Əsədli vurğulayıb.