Dərs planının əlyazma şəklində olmasına görə müəllimlər cərimə ediləcəkmi?

28 Oktyabr 2015 13:03 (UTC+04:00)

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə "Müəllimin proqram dəftəri"ni əl yazısı ilə yazmayan müəllimlərin 100-150 manat miqdarında cərimə ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, hər bir fənn standartlarına dair proqram materiallarının təxmini bölgüsü həmin fənn üzrə dərslik komplektinə daxil olan "Müəllim üçün metodik vəsait"lərdə verilir. Ancaq hər bir müəllim buna yaradıcı yanaşmalı, özünün illik təqvim-tematik planını hazırlamalı və həmin plan məktəb rəhbərliyi tərəfindən təsdiq olunmalıdır.

Nazirlikdən qeyd edilib ki, planın əlyazma və ya çap variantda olması mühüm əhəmiyyət kəsb etmir. Planın əlyazma şəklində olmasına görə, müəllimlərin cərimə edilməsi isə şayiə xarakteri daşıyır.