Biznes mühitinin yaxşılaşması qeyri-neft sektorunda ixracı artıracaq

29 Oktyabr 2015 10:10 (UTC+04:00)

Ölkədə biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Bunun üçün siyasi iradə də var. Prezient son əüykzhlz birbaşa iqtisadiyyatın dayanıqlığına hesablanmış bir neçə fərmanlar verib. İqtisadçılar bütün bunların Azərbaycan iqtisadiyyatına, xüsusən də özəl sektora hissediləcək şəkildə müsbət təsir edəcəyini düşünürlər.

Eyni zamanda qeyi-neft sektorunda məhsul ixracının artımı da gözlənilir. İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, özəl sektorun, xüsusən də kiçik və orta sahibkarlığın çoxdan gözlədiyi bir yanaşma ortalığa qoyuldu: "Çünki, buna qədər Azərbaycanda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafında qanunsuz müdaxilələr, dövlət və hökumət orqanları tərəfindən tez-tez yoxlamaların keçirilməsi, icra strukturlarının biznes işinə müdaxiləsi davam edirdi. Bununla bağlı dəfələrlə məsələlər də qaldırılıb. Aydındır ki, kiçik və orta sahibkarlıq ciddi şəkildə dəstəklənməsə, iqtisadi inkişaf istənilən səvyyədə olmayacaq. Ona görə də yoxlamaların azaldılması, dayandırılması, fiziki şəxslərin ölkəyə mal gətirməsi ilə bağlı qanuna edilən dəyişikliklər biznes sahəsində, əsasən də kiçik və orta sahibkarlığın inkişafında müəyyən rol oynayacaq. Gələcəkdə güman ki, digər addımlar da olacaq.

Kiçik və orta sahibkarlığın inkişafında əsas maneələrdən biri bank kreditlərinin həddindən artıq baha, uzunmüddətli və ucuz kreditə çıxış imkanlarının məhdud olmasıdır. Bunlar da kiçik və orta sahibkarlığın inkişafına təsir edən amillərdəndir. Bundan başqa, ixracyönümli sahibkarlıq fəaliyyəti xüsusi ilə ayrıca dəstəklənməlidir. Onlara xarici ticarətdə ciddi dəstək verilməli, "yaşıl koridor" prinsipindən istifadə olunmalıdır. İxrac edilə biləcək məhsullar ümumiyyətlə, gömrük rüsumundan azad olunmalıdır ki, stimul yaransın. Orta və kiçik sahibkarlıqda ixracata nəqliyyat dəstəyi də əsirgənilməməlidir. Sevindirici haldır ki, bu istiqamətdə işlərə başlanılıb. Bu, gələcəkdə Azərbaycanda kiçik və orta sahibkarlığın üzərində qurulmuş iqtisadi modelə keçid üçün müəyyən imkanlar yaradır. Digər tərəfdən, iqtisadiyyata birbaşa aid olmayan sahələrdə də islahatlara ehtiyac var. Məsələn, mülkiyyət toxunulmazlığı sahələrində də ciddi islahatlar keçirilməlidir. Çünki, birbaşa aidiyyatı olmasa da, kiçik və orta sahibkarlığın dayanıqlı inkişafı üçün digər sahələrdə də irəliləyişlərin olması vacibdir".

Ekspertin fikrincə, ixrac istiqamətində davamlı addımlar atılarsa, qeyri-neft sektorunda ixracın artmasını görmək olar: "Amma bu, qısa zamanda baş vermir. Bir müddət gözləmək lazımdır ki, infrastruktur yaransın. Amma məhz ixracata yönəlik xüsusi bir dəstək proqramı tərtib olunmalıdır. Burada həm uzunmüddətli kredit imkanları, təşviq proqramları, nəqliyyat dəstəyi, "yaşıl koridor" prinsipi kimi addımlar mütləq öz əksini tapmalıdır. Bununla da ixracyönümlü məhsullar daha çox stimullaşdırılmış olur. Bu, ölkəmiz üçün çox vacibdir. Çünki, hazırda valyuta gətirən qurumlarımız azdır. Bu isə manatın, ölkəmizin valyuta rezervlərinin gələcək taleyinə mənfi təsir göstərir. Ona görə də məhz ixracyönümlü iqtisadiyyat prioritet olmalıdır".

İqtisadçı əlavə etdi ki, şəxsi istehsal üçün fiziki şəxslərə 10 min dollar dəyərinə qədər malların gömrükdən vergisiz keçirilməsi ilə bağlı fərman tam işlək olmağa başlayandan sonra bir çox, məsələn, elektrotexnika, mebel sahələrində müəyyən ucuzlaşmanın şahid ola bilərik: "Əhali bu fərmandan istifadə edərək həmin məhsulları xaricdən gətirməyə üstünlük verəcək. Nəzərə alaq ki, qonşu ölkələrdə qiymətlər bizdən daha ucuzdur və o qədər də ciddi nəqliyyat xərcləri tələb olunmur. O zaman qonşu ölkələrdən, əsasən də Türkiyədən mebelin alınmasına üstünlük veriləcək. Bu isə yerli bazarda məişət avadanlıqlarının, elektrotexnikanın ucuzlaşmasına səbəb olacaq".