Məzahir Pənahov Avstraliya Parlamentinin nümayəndə heyəti ilə görüşüb

28 Oktyabr 2015 17:11 (UTC+04:00)

Milli Məclisə seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti oktyabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.


MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, M. Pənahov nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrdən söhbət açıb və beynəlxalq təcrübənin öyrənilməsinin seçki praktikasının daha da təkmilləşdirilməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynadığını qeyd edib.


Nümayəndə heyətinin rəhbəri Luke Simpkins və Avstraliya parlamentinin üzvləri Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıblar. Sualları cavablandıran MSK sədri Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.