Kanadada səyahət gəmisinin qəzaya uğramasına balina səbəb olub

28 Oktyabr 2015 21:00 (UTC+04:00)

Ötən bazar günü Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Tofino şəhəri sahillərində səyahət gəmisinin qəzaya uğramasına balinanın səbəb olduğu aydınlaşıb. Bu barədə ilkin təhqiqatın nəticələrinə əsasən "Associated Press" xəbər agentliyi məlumat yayıb.


Movqe.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, balinaları müşahidə etmək üçün dənizə yollanan turistlər faciədən qabaq gəminin sol göyərtəsinə toplaşıblar. Bu zaman gəminin altında olan balina suyun üzərinə doğru hərəkət edərək sağ göyərtəyə toxunub. Nəticədə gəmi çevrilərək batıb.


Hadisə zamanı 5 Britaniya vətəndaşı həyatını itirib, Avstraliyadan olan bir turist isə itkin düşüb. Ümumilikdə gəminin göyərtəsindəki 27 nəfərdən 21-i xilas edilib.


Səyahət gəmisinin "Jamie's Whaling Station and Adventure Centres" kompaniyasına məxsus olduğu bildirilir.