Bu dərmanların da qiyməti düşdü (SİYAHI)
29 Oktyabr 2015 10:22 (UTC+04:00)
Daha 827 dərman vasitəsinin qiyməti
düşdü. Tariş Şurasından Movqe.az-a verilən məlumata görə, prezident İlham
Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin
qiymətlərinin tənzimlənməsi prosesi davam
etdirilir.
Tarif Şurasının 28 oktyabr tarixində keçirilmiş
növbəti iclasında daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib.
Ümumilikdə, indiyədək Şura tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bunlardan 1151 dərman vasitəsi
təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri
təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabr
tarixindən, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən
qüvvəyə minəcək.
Beləliklə, indiyədək qiymətləri
tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50%-nin qiyməti 2
dəfədən çox, 26%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış,
ümumilkdə 96%-nin qiymətləri endirilib.
Tarif (qiymət) Şurasının müvafiq qərarlarına
əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə
minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri
hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların
qiyməti təsdiq edildikdən sonra həyata keçirilə
bilər.
Qərarlar və dərman vasitələrinin siyahıları Tarif
(qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az)
"Şuranın Qərarları" və "Dərman vasitələri" bölmələrində
yerləşdirilib.Dərmanların yeni qiymətləri ilə bu linkə keçid etməklə tanış ola
bilərsiniz.
Dərmanların bir qisminin köhnə və yeni
qiymətləri
Tarif (qiymət) Şurasının bu gün keçirilmiş
iclasında həmçinin, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə
ekspertiza xidmətlərinin tariflərinə yenidən baxılmış və müvafiq
qərarlar qəbul olunub.
Xatırladaq ki, prezidentin sədrliyi
ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş iclasındadərmanların
qiymətləri əsas müzakirə mövzusu olub.
"Hətta reseptlə satılmayan vitaminlərə də resept
yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin
hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir
ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra
dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim
maraqlanmır. Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə
istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O
qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən
ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha
qiymətə satırlar. Bu pozuntulara son qoyulmalıdır", deyə dövlət
başçısı İlham Əliyev demişdi.