Avstraliya və Çin Cənubi Çin dənizində birgə təlimlər keçirəcəklər

29 Oktyabr 2015 15:00 (UTC+04:00)

Avstraliyanın iki gəmisi gələn həftənin əvvəllərində Cənubi Çin dənizində Çin ilə birgə keçiriləcək təlimlərdə iştirak edəcək. Bu barədə oktyabrın 29-da "Australian" qəzeti Avstraliya hərbi dəniz qüvvələrinin rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.

Həmin təlimlərin keçiriləcəyi cari ilin əvvəllərində elan olunsa da, son günlər ABŞ-ın "USS Lassen" raket esminesini Cənubi Çin dənizində mübahisəli Spratli arxipelaqı akvatoriyasına patrul kimi göndərməsi bunu şübhə altına alıb. Vaşinqtonun bu addımını dəstəkləyən Avstraliyanın müdafiə naziri Maris Peyn bildirib ki, bu, azad gəmiçilik sahəsində beynəlxalq qanunların təminatına yönəlib. Bununla yanaşı, nazir əlavə edib ki, Avstraliya ABŞ-ın Cənubi Çin dənizindəki son hərəkətlərində iştirak etmir.

Avstraliya hərbi dəniz qüvvələrinin nümayəndəsinin sözlərini sitat gətirən qəzet bildirir ki, Avstraliya-Çin hərbi dəniz təlimləri plana uyğun olaraq keçiriləcək. Onun bildirdiyinə görə, təlimlərdə "Anzak"-HMAS Stuart və "Arunta" HMAS Arunta sinfindən olan iki freqat iştirak edəcək. Avstraliya gəmiləri, həmçinin Çinin üçüncü hərbi dəniz donanmasının yerləşdiyi Çjancyan limanına dost səfəri də edəcək.