İrandan nüvə silahı etirafı

29 Oktyabr 2015 16:20 (UTC+04:00)

"Biz təzə başlayanda müharibə aparırdıq və düşmənin nüvə silahından istifadə etmə ehtimalına qarşı hazır olmaq istəyirdik. Biz o zaman belə düşünürdük. Amma bu baş vermədi". "Reuters"in məlumatına görə, bunu İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsancani deyib. O, ölkəsinin hələ 1980-cı illərdə nüvə silahı hazırlamaq niyyətində olduğunu deyib. Keçmiş prezident deyib ki, atom proqramının əsas məqsədi hər zaman sülhə xidmət edib. Amma Tehranın düşmənləri tərəfindən mümkün nüvə təhlükəsi heç zaman onu yaradanların ağlından çıxmayıb. Rəfsancani etiraf edib ki, Pakistana səfər edib və ölkənin nüvə proqramının əsas müəlliflərindən biri Abdul Qədir Xanla görüşməyə çalışıb. Ancaq danışıqlar baş tutmayıb.  Bu ilin yayında İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın ("altılıq") apardığı nüvə müzakirələrində razılıq əldə olunub. ANS PRESS-in məlumatına görə, İran ilə razılaşma çərçivəsində BMT silah embarqosu 5 il qüvvədə qalacaq. Mərmi sanksiyaları isə hələ 8 il qüvvədə saxlanılacaq. İran isə bu beş il ərzində uranı 3,67 faizdən çox zənginləşdirməmək haqda öhdəlik götürüb.  Əgər İran öhdəliklərini yerinə yetirməsə bu qaydalar dəyişə bilər.