ÜST dünyada vərəm xəstəliyindən ölənlərin statistikasını açıqlayıb

29 Oktyabr 2015 20:00 (UTC+04:00)

"Dünyada vərəm xəstəliyinə qarşı aparılan mübarizə öz bəhrəsini verir. Belə ki, bu il xəstəlikdən dünyasını dəyişənlərin sayı 1990-ci ildəki göstəricinin təxminən yarısına bərabərdir. Bununla belə, keçən il 1,5 mln. nəfər məhz vərəmdən dünyasını dəyişib. Bu ölümlərin də böyük əksəriyyətinin qarşısı alına bilərdi". Movqe.az-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi "ÜST: Vərəm Hesabatı 2015" adlı sənədində bildirilir.

Hesabatda qeyd olunub ki, xəstəliyin diaqnostikasında və müalicəsində olan boşluqlar aradan qaldırılmalı, dərman və vaksinlərin alınması üçün lazım olan maddi vəsait çatışmazlığı həll olunmalıdır. Hesabata görə, 2000-2015-ci illər ərzində səmərəli diaqnostika və müalicə sayəsində 43 mln. insanın həyatı xilas edilib.

ÜST-ün baş direktoru Marqaret Çan Cenevrədə keçirilən mətbuat konfransında deyib ki, vərəmlə mübarizə xilas edilən həyatlar və müalicə olunan pasiyentlər nəzərə alınmaqla böyük təsir əldə edib: "Bu irəliləyişlər sevindirici haldır, lakin dünya epidemiyaya son qoyulmasını istəyirsə, bu sahədə xidmətlər genişləndirilməli və tədqiqatlara sərmayə yatırılmalıdır".

Eyni zamanda, mətbuat konfransında vurğulanıb ki, 2000-ci ildən bu günə qədər vərəmə yoluxanların sayı 1,5% azalıb. Ümumilikdə isə azalmanın göstəricisi 18% təşkil edir.

Hesabatda o da qeyd edilib ki, nailiyyətlərə baxmayaraq, bu sahədə lazımi səviyyəyə çatmaq üçün hələ uzun yol var: "Belə ki, hər gün 4 400 insanın bu xəstəlikdən dünyasını dəyişdiyini müşahidə edirik. Bu isə diaqnostika və hər bir şəxsin müalicə oluna bildiyi dövrdə qəbuledilməzdir. 2014-cü ildə vərəm xəstəliyindən 890 min kişi, 480 min qadın və 140 min uşaq həlak olub. Xəstəlik dünyada İİV infeksiyası ilə öldürücü xəstəliklər sırasında eyni səviyyəyə malikdir. 2014-ci ildə vərəmdən ölən 1,5 mln. insandan 400 minində İİV infeksiyası aşkar olunub. Halbuki keçən il İİV-dən ölənlərin sayı 1,2 mln. təşkil edib. Dünyada qeydə alınan vərəm daşıyıcılarının yarıdan çoxu (54%) Çin, Hindistan, İndoneziya, Nigeriya və Pakistanda qeydə alınıb".