Banklar kredit faizlərini aşağı salmağa məcbur olacaqlar

30 Oktyabr 2015 01:00 (UTC+04:00)

Azərbaycanda banklardan kredit götürənlərin sayı azalmağa doğru getməkdədir. Məlumat üçün bildirək ki, 2014-cü ilin avqust-sentyabr aylarında kredit almaq üçün banklara müraciət edənlərin sayı 37 min olub. Cari ilin müvafiq dövründə isə bu rəqəm 16 min ətrafındadır. Mütəxəssislər baş verənləri insanların kreditlərə daha ehtiyatla yanaşması ilə izah edirlər. İqtisadçılar həmçinin bu fonda məhz müştəri cəlb etmək üçün bankların kredit faizlərini aşağı sala bilmək ehtimalının yarandığını deyirlər. Bu fonda kredit şərtlərinin sadələşdirilməsi də təkliflər sırasındadır.

İqtisadçı-ekspert Yusif Vəliyev insanların kerditə yanaşmasının dəyişdyini bildirir: "Bu ilin fevral ayında manatın devalvasiyasından sonra bir çox kredit götürənlər artıq prosesə ehtyiatla yanaşır. Odur ki, indiki vəziyyəti normal hal kimi dəyərləndirmək olar".

Ekspert hesab edir ki, indiki durumda müştəri qazanmaq üçün bankların bir sıra imkanları var: "Məsələn, kredit faizlərini müəyyən qədər aşağı salmaqla kommersiya bankları insanları kredit götürməyə təşviq edə bilər. Ancaq bundan daha çox müştəri inamı qazanmaq üçün verilən kreditlərin şərtlərini asanlaşdırımalıdırlar. Həmçinin, devalvasiya olacağı təqdirdə belə şərtlərin vətəndaşların lehinə olması daha çox müştəri qazanmağa səbəb ola bilər. Yəni, kommersiya bankları müştəri üçün uyğun vəziyyətdən yararlanmalıdırlar".

Yusif Vəliyev qeyd etdi ki, ümumiyyətlə, digər ölkələrlə müqayisədə Azərbaycanda kreditin faiz dərəcələri yüksək idi: "Amma vətəndaşlar tərəfindən kreditlərin götürülməsi də günü-gündən artırdı. Bununla paralel problemli kreditlərin həcmi də artırdı. Ancaq devalvasiya kimi hadisədə şərtlərin vətəndaşlara sərf etməyən şəkildə qəbul edilməsi müştəriləriləri banklardan uzaq saxladı. Hazırda banklara inamın az olması məhz bununla bağlıdır. Yəni, hazırda da faizlər yüksəkdir".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirir ki, insanların kreditə maraq göstərməməsinin bir sıra səbəbləri var: "Birinicisi, dollarla kredit götürən şəxslər devalvasiyadan sonra əlavə xərcə düşdülər. İkincisi, ötən il Mərkəzi Bankın istehlak kreditlərinin verilməsi qaydalarının sərtləşdirilməsi də kreditə əlçatanlığı çətinləşdirdi.

Həmçinin, maliyyə bazarında baş verən proseslər insanları borclanmamağa vadar edib. Ancaq maliyyə bazarında vəziyyət yaxşılaşarsa, banklar kredit faizlərinin aşağı salınması məsələsinə yenidən baxa bilər. Bununla banklar daha çox müştəri cəlb etmiş olacaq".