Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilib

29 Oktyabr 2015 17:04 (UTC+04:00)

29 oktyabr 2015-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda növbəti açıq dərs keçirilmişdir. Movqe.az xəbər verir ki, açıq dərsdə rayonun 87, 141, 226, 270 və 315 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişdirlər. Məlumat üçün bildirək ki, "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda açıq dərslər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ayda bir dəfə keçirilməklə 2015-2016-cı tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcəkdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar. Şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Onlara məlumat verildi ki, 2009-cu il may ayının 4-də fəaliyyətə başlayan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilmişdir. Mərkəzdə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə 2009-cu ildən bəri 160-dan yuxarı tədbir keçirilmişdir. Mərkəzdə Multimedia və Rəsm studiyaları, Elektron kitabxana fəaliyyət göstərir. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 56 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 15 mindən artıq istifadəçi faydalanmışdır. Açıq dərsin iştirakçıları Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənməsi məqsədi ilə Mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış "Millət Atası" filmini izlədilər. Açıq dərs dövlət himninin oxunması ilə başladı. Dərsin mövzusunu elan edən Rayon İcra Hakimiyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb. Açıq dərsdə 87 nömrəli tam orta məktəbin müəllimi Sevil Məmmədsalahova, 141 nömrəli tam orta məktəbin müəllimi Ülviyə Kərəmova, 226 nömrəli tam orta məktəbin müəllimi Təranə Cəbiyeva, 270 nömrəli tam orta məktəbin müəllimi Nərmin Hüseynli, 315 nömrəli tam orta məktəbin müəllimi Günel Məhərrəmova animasiyadan istifadə etməklə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verdilər. Bildirdilər ki, Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu - bütün bunlar məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Açıq dərs bu sözlərlə yekunlaşdı: Bu gün Ümummilli Liderin şah əsəri olan Müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" - qiymətini alan möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Açıq dərsdə mövzu xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır.