“Mədəniyyət.AZ” jurnalının növbəti sayları işıq üzü görüb

30 Oktyabr 2015 11:46 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə nəşr olunan "Mədəniyyət.az" jurnalı növbəti sayları ilə görüşünüzə gəlib, möhtərəm oxucular!

Bildiyiniz kimi nəşrimizin adı da, konsepsiyası da tamamən yenilənmiş, yeni simada, yeni məzmunda, yeni tərtibatda təqdim olunmaqdadır. Təbii ki, hər yeni iş, yeni başlanğıc müəyyən vaxt və zaman istər. Bu işin tam formalaşması və istənilən səviyyəyə çatdırılması üçün isə hələ də daha çox müddət və üstün səylərə ehtiyac duyulur. Varisi olduğumuz nəşrin hər cəhətdən yenilənmə zərurəti bizi bir çox obyektiv və subyektiv problemlərlə üzləşdirsə də, bu müddət ərzində jurnalımızın nəşrinə ara vermədən işimizi davam etdirdik. Mart, aprel və may sayları uğurla nəşr olundu. Daha iki sayı artıq sizin ixtiyarınızdadır, növbəti saylar da iş prosesində. Jurnalımızın Prezident yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlərdən olması da bizim üçün çox əhəmiyyətli və qürurverici məqamdır. Önəmli məsələlərdən biri də belə elmi nəşrlərin İSSN (Beynəlxalq Standart Seriya Nömrəsi) ilə nəşr olunmasıdır ki, artıq alimlərimiz və iddiaçılar yazılarını daha cəsarətlə jurnalımıza təqdim edə bilərlər. Belə ki, iyun nömrəsindən etibarən İSSN 2413-2365 kodu ilə işıq üzü görəcək "Mədəniyyət.AZ" jurnalı görüşünüzə maraqlı mövzularla gəlib...

...İşdən-gücdən bir az uzaqlaşıb ilin yorğunluğundan, tələsikliyindən can qurtarıb yurdumuzun yamyaşıl, təmiz havalı, laləzar guşələrində istirahət etmək, yaxud şəhərin yeni, gözəl məkanlarında dostlarla görüş, uzaqdan-yaxından gələnlərlə şirin söhbətlər, uzun yay axşamları ətirli çay süfrəsi ətrafında keçmiş günlərin unudulmaz xatirələrini yada salmaq - əslində mövsümün ovqatı belə olsa da müasir həyatın sürətli ritmi bu yayda da məzuniyyətimizi bir gün olsa belə səmərəsiz keçirməməyə, bizi genişmiqyaslı beynəlxalq tədbirlərdə iştirak etməyə, intəhasız musiqi dünyasına səyahətə, sənətlə maraqlanmağa, xatırlamağa, oxumağa, yazmağa-yaratmağa, gündəmdə olan intellektual sənət mövzularını müzakirə etməyə dəvət və sövq edirdi... Və "Mədəniyyət.AZ" jurnalının kollektivi bu mövsümdə də ölkəmizin, paytaxtımzın və bölgələrimizin ictimai və mədəni həyatında yaşanan inanılmaz qələbəliyi nəfəs dərib dərk və təhlil etmək üçün səylərini əsirgəmədi...

Jurnalın altıncı sayında oxucular I Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimləri haqqında yazıları oxuyarkən bir daha vətənimizlə qürur duyacaq, bu dünya miqyaslı tədbir zamanı mədəniyyət və turizm nazirliyinin keçirdiyi tədbirlər xatırlanacaq, gənc yazarlarımızın yanaşması və əcnəbi turistlərin, media nümayəndələrinin fikirləri ilə qarşılaşacaq, dünya şöhrətli muğamımızın SƏSi ilə bir daha salamlaşacaq, yubileyi keçirilən sənətkarlarımızın həyat və sənət hesabatlarına şahidlik edəcəklər. Ayın başqa əlamətdar günləri ilə bağlı mövzulara gəlincə oxuculara əlaqədar təşkilatların rəhbərləri ilə oxunaqlı müsahibələr, sevincli-kədərli tarixləri çeşidləyən yazılar təqdim olunur, musiqi və ədəbi yaddaşımız çoxdan xatırlanmayan mövzularla təzələnir, beynəlxalq incəsənət sərgilərindən təəssüratlar müasir sənət bilgilərimizi artırır, "Elm" rubrikası isə dünya şöhrətli alimlərimizin xatirəsini yad etməklə yeni elmi araşdırmalarla davam etdirılir..

Jurnalın yeddinci sayında Şəki "İpək yolu" və Qəbələ Musiqi festivalları çərçivəsində əsərləri səslənən İstedadlı musiqiçi Cahangir Qarayevə həsr olunan məqalələr, tariximizin qəhrəmanlıq və matəm səhifələrini andıran yazılar, Mətbuatımızın 140 illik yubileyi çərçivəsində nazirliyimizin həyata keçirdiyi tədbirlər, MTRŞ sədri Nuşirəvan Məhərrəmli ilə müsahibə, Azərbaycan Televiziyasının "Məclisi-üns" verilişinə bir baxış, Seyid Əzim Şirvanı yadigarları, ilk professional qadın bəstəkarımız Ədilə xanım Hüseynzadə, unudulmaz Vasif Adıgözəlov, gözəl alimimiz Tofiq İsmayılov, heykəltəraş Cəlal Qaryağdı haqqında məqalələr, ölkəmizi uzaq Nyu-Yorkda təmsil edən mədəniyyət mərkəzimiz barədə qeydlər, elmdə, artıq öz sözünü demiş və ilk addımlarını atan həm yerli, həm əcnəbi alimlərin araşdırmaları, ölkəmizi tanıdan infoturlar və, nəhayət, əziz oxucularımızın bizə ünvanladığı "ürəkdən su içən məktublar" oxunmasını gözləyir...

Beləliklə, bu saylarımızda da "Mədəniyyət.AZ" jurnalının hər səhifəsində redaksiya heyətinin zəhmətinin, öz oxucusuna hörmət, ehtiram və məhəbbətinin şahidi olacaqsınız, əziz oxucumuz!