Daşkəsən rayonunun ucqar dağ kəndlərinin qazlaşdırılması əhalinin böyük sevincinə səbəb olmuşdur

30 Oktyabr 2015 14:15 (UTC+04:00)

Bu gün 30 oktyabr 2015-ci il tarixdə Daşkəsən rayonunun Zağalı, Qazaxyolçular və Qaraqullar kəndlərinə mavi qazın verilməsinin təntənəli açılışı olmuşdur. Bu münasibətlə Zağalı kəndində keçirilmiş açılış mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev, rayonun müəssisə və təşkilatlarının rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev toplantı iştirakçılarını salamladıqdan sonra öz nitqində demişdir:

- Əvvəla Sizin hər birinizi salamlayır, Zağalı, Qazaxyolçular və Qaraqullar kəndlərinə ilk dəfə mavi qazın verilməsi münasibətilə Sizləri təbrik edirəm və rayonumuza göstərilən diqqət və qayğıya görə ölkə başçısı, çox hörmətli möhtərəm cənab Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk!

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında respublikamızın bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da geniş tikinti, quruculuq, abadlıq işləri aparılır, ucqar dağ kəndlərinə yollar çəkilir, körpülər inşa olunur, su, elektrik, qaz təchizatı yaxşılaşdırılır. Ölkə rəhbərliyinin tapşırıq və göstərişi ilə rayonumuzda müxtəlif sahələrdə aparılan işlərin nəticəsidir ki, bu gün ucqar dağlar qoynunda yerləşən Daşkəsən rayonu özünün ən sürətli inkişaf dövrünü yaşayır, problemli məsələlər də öz müsbət həllini tapır, davamlı inkişaf gedir.

Bildiyiniz kimi, uzun müddətdir ki, Daşkəsən rayonunun bir çox yaşayış məntəqələrinin qazlaşdırılması ciddi bir problem olaraq qalırdı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın Daşkəsən rayonuna səfərindən sonra onların tapşırıq və tövsiyələri, diqqət və qayğıları sayəsində belə ciddi məsələlərin həlli qısa müddət ərzində reallaşaraq həyata keçirilir.

Bu gün biz rayonun Zağalı, Qazaxyolçular və Qaraqullar kəndlərinə ilk dəfə olaraq mavi qazın verilməsinin təntənəli açılışı mərasiminə toplaşmışıq. Hər biriniz canlı şahid olaraq yaxşı bilirsiniz ki, Sovetlər dönəmində bu cür ucqar dağ kəndlərinə qaz çəkilişi məsələsi yalnız arzu, xəyallarda yaşayırdı. Belə ki, 100 illərə hesablanmış Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətinin böyüklüyü ondadır ki, bu uğrula aparılan siyasət Azərbaycan xalqının sosial rifahının yüksəldilməsinə, əhalinin məişət şəraitinin daha da yaxşılaşdırılmasına, xalqımızın firavan həyat tərzinə, iqtisadi və siyasi sabitliyə xidmət göstərir. Ölkədə iri miqyaslı proqramlar və islahatlar həyata keçir.

Görüdüyünüz kimi Daşkəsən kəndlərində artıq qar yağıb, artıq dağlarda qar var. Bu gün hava da çox soyuqdur.

Soyuq sərt iqlim şəraitinə malik Daşkəsən rayonunun bu ucqar dağ kəndlərinin əhalisinə ilk dəfə təbii qazla təmin olunmasına göstərdiyi diqqət və qayğıya görə şəxsən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə Daşkəsən rayon əhalisi adından dərin minnətdarlığımı bildirirəm!

Bildiyiniz kimi, bu gün bütün dünyada davam edən dərin siyasi-iqtisadi böhrana baxmayaraq, güclü iqtisadi təməllərə malik olan Azərbaycan Respublikasında istənilən sahədə tamamilə sabitlik hökm sürür, dövlətin inkişaf davamlılığı uğurla təmin edilir. Məhz qüdrətli dövlətimizin güclü iqtisadiyyatı sayəsində qarşıya qoyulmuş bütün məqsədlərə nail olunur, eyni zamanda sosial layihələrin həyata keçirilməsi mümkünləşir. Qəbul olunan proqramlar bütün ölkəni əhatə edərək ən ucqar dağ kəndlərimiz belə abadlaşdırılır. Bunun əyani təzahürünü bu gün açılışına toplaşdığımız tədbir bir daha sübut edir.

Məlumat üçün nəzərinizə çatdırıram ki, ümumilikdə 377 abonenti olan Zağalı, Qazaxyolçular və Qaraqullar kəndlərinə uzunluğu 17173 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

Bu qazlaşdırılmanın həyata keçirilməsi 1330 nəfər əhalinin yaşadığı Zağalı, Qazaxyolçular və Qaraqullar kəndləri sakinlərinin fasiləsiz mavi yanacaqla təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda layihə üzrə ətraf kəndlərə də təbii qaz xəttinin çəkilişi davam etdiriləcəkdir.

Bildiyiniz kimi rayonun bu sərhəd bölgəsindəki kəndlərin sakinləri öz evlərini əvvəllər əsasən odun yanacağı ilə isidirdilər. Bu da təbii olaraq ərazidə olan yaşıllığın, meşə sahəsinin qırılmasına, ekoloji tarazlığın pozulmasına səbəb olurdu. Həm də iqtisadi cəhətdən səmərəli deyildi. Sevinc hissi ilə deyə bilərik ki, qaz xəttinin çəkilməsi ilə bu sahədə problem də öz müsbət həllini tapır. Ümid edirik ki, tezliklə rayonumuzun qazlaşdırılmamış kəndlərini də mavi yanacaqla təmin edəcəyik.

Rayonumuzda bütün bu görülən sosialyönümlü məsələlərin həlli – suyun, işığın, qazın vaxtında əhaliyə verilməsi bu gün biz daşkəsənlilərə deməyə əsas verir ki, qarşıdan gələn Parlament seçkilərinin demokratik, ədalətli, şəffaf keçirilməsi üçün rayonumuzda bütün zəruri hazırlıq işləri görülüb. Həqiqətən də ölkəmizdə keçirilən bu demokratik, qanunamüvafiq seçki yüksək səviyyədə baş tutacaq, çünki birmənalı olaraq bütün daşkəsənlilər bu seçkidə də həmişə olduğu kimi daha da fəallıq göstərəcəklər. Belə ki, rayonumuza göstərilən diqqət və qayğıya görə Zağalı, Qazaxyolçular, Qaraqullar kimi ucqar dağ ətəyində olan kəndlərdə yaşayan əhaliyə bu gün açılışına yığışdığımız ilk dəfə mavi qazın verilməsi buna əyani sübutdur. Bu da seçicilərin sevincinin həddini yüksəldir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev təntənəli açılış mərasimindəki çıxışının sonunda sakinləri bu münasibətlə təbrik etmiş, bir daha da Möhtərəm Prezidentimiz cənab İlham Heydər oğlu Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya bütün rayon ictimaiyyəti adından daşkəsənlilərə göstərilən bu diqqət və qayğıya görə dərin təşəkkürünü və minnətdarlığını bildirmiş, ölkə Başçına daha da yeni-yeni uğurlar, qələbələr arzulamışdır.

Daha sonra Şəmkir Regional Qaz istismarı İdarəsinin rəisi Orucəli Məmmədov, qazlaşdırılmış kənd sakinləri adından Fidail Həsənov çıxış etdilər, ölkə rəhbərinə minnətdarlıqlarını çatdırdılar.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev tərəfindən rayonun qaz istismarı sahəsində səmərəli fəaliyyətinə görə rayonun qaz sahəsininn işçiləri Cəfərov Maksim Ələddin oğlu, Hüseynov Nəbi Məhəmməd oğlu, Tağıyev Ceyhun Müzadil oğlu fəxri fərmanla təltif edildilər.

Tədbirin sonunda açılışa toplaşmış rayon sakinlərinin alqış sədaları altında Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev rayonun Zağalı, Qazaxyolçular və Qaraqullar kəndlərinə ilk dəfə təbii qaz verilməsinin rəmzi əlaməti olan məşəli alovlandırmışdır.