MTRŞ-dan aparıcılıq edən müğənnilərlə bağlı telekanallara tövsiyyə

30 Oktyabr 2015 14:06 (UTC+04:00)

Azərbaycan telekanallarında əyləncəli verilişlərin demək olar ki, mütləq əksəriyyətinin aparıcıları müğənnilərdir. Müəllif verilişləri ilə efirə çıxan müğənnilərin televiziya ilə bağlı tələbləri pozması hallarına da tez-tez rast gəlinir. Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparıcılıq edən müğənnilərin efirdə yol verdikləri nöqsana görə, bir neçə dəfə telekanal rəhbərliklərinə etdiyi xəbərdarlıqlar da, bu sahədə ciddi qüsurların olduğundan xəbər verir. Tamaşaçılar da, aparıcılıq edən müğənnilərin efirdə fit çalmasına, milli valyutamıza hörmətsizlik edərək pul cırmasına, dəvət etdiyi qonağa efirdə səslənməsi qadağan olan qeyri-etik ifadə işlətməsinə bir növ adətkar olublar. Amma artıq telekanallar efir vaxtı ayırdıqlarıı müğənnilərə qarşı daha tələbkar olmaq məcburiyyətindədirlər. Çünki, MTRŞ tərəfindən bununla bağlı telekanal rəhbərlərinə xəbərdarlıq edilib. Bu barədə Movqe.az-a açıqlama verən MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov deyib ki, telekanallara tövsiyyə edilib ki, kadrların peşəkarlığına daha çox diqqət yetirsinlər. T. Məmmədovun sözlərinə görə, telekanallara edilən tövsiyyədə aparıcı müğənnilərin də, kadr kimi hazırlanaraq, müəyyən hazırlıq keçdikdən sonar efirə buraxılması tövsiyyə olunub. MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov da deyir ki, əgər müğənniyə hansısa müəllif verilişi, yaxud əyləncəli digər veriliş aparmaq həvalə olunursa, mütləq onun nitqinə, efir tələblərinə uyğunluğuna diqqət yetirilməli, ən azı bir müddət həmin müğənni efirə çıxmazdan öncə hazırlıq mərhələsi keçməlidir. 

Teletənqidçi Qulu Məhərrəmli isə deyir ki, aparıcılara verilişlərin formatına görə, bəlli tələblər var: "Hökm deyil ki, aparıcı mütləq jurnalist olsun. Başqa peşə sahibləri də aparıcılıq edə bilər. Amma gərək aparıcının dünya görüşü, səviyyəsi, nitq qabiliyyəti olsun. Əyləncəli verilişlərə belə aparıcı götürəndə efirin müəyyən tələbləri var ki, ona əməl edilməlidir. Çox təəssüf ki, bu gün həmin aparıcı müğənnilərin çoxu Azərbaycan ədəbiyyatından heç nə bilmirlər. Mütaliələri yoxdur. Buna baxmayaraq dünya görüşü olmayan, bəsit müğənnilər efirə çıxıb veriliş aparır. Belələri xalqın qarşısına çıxıb nə deyə biləcək ki?".

Q. Məhərrəmlinin sözlərinə görə, ümumiyyətlə televiziyada personifikasiya anlayışı var: "Yəni şəxsiyyət üzərində, şəxsiyyətə görə hazırlanan verilişlər. Amma həmin şəxs cəmiyyətdə məşhur olmaqla yanaşı, istedadı,dünya görüşü ilə də fərqlənməlidir. Mütləq deyil ki, əyləncəli verilişləri müğənnilər aparsın. Ümumiyyətlə verilişin formatını elə qurmaq, onu elə yüksək səviyyədə təşkil etmək lazımdır ki, aparıcı ön planda olmasın. Tamaşaçını verilişin özü cəlb etsin. Sabah da verilişin aparıcısı dəyişəndə tamaşaçı başqa aparıcı görəndə kanalı dəyişməsin. İndi deyəcəksiniz ki, o vaxt məgər müğənnilər veriliş aparmırdı? Əlbəttə AzTv-də də veriliş aparan müğənnilər vardı. Amma gəlin o tarixə bir ekskursiya edək görək verilişi hansı müğənnilər aparırdı? Məsələn, Mübariz Tağıyevin apardığı veriliş tamaşaçılar tərəfindən sevilməklə yanaşı, müğənni gözəl aparıcılıq qabiliyyəti, dünyagörüşü ilə də seçilirdi. İndiki müğənnilərin isə, 95 faizinin nə səviyyəsi var, nədə ki, estetik duyumu. Hər müğənnini xalqın qarşısına aparıcı kimi çıxartmaq olmaz! Gərək həmin müğənnini mənəvi dəyərlərə yanaşması, əxlaqı yerli-yerində olsun.Telekanallar müğənniləri aparıcı kimi efirə buraxanda bu məqamlara diqqətlə fakir verməlidirlər".