ADNSU-da “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” təlim konfrans

30 Oktyabr 2015 17:30 (UTC+04:00)

Bu gün (30 oktyabr) Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Media və təhsil dialoqu: peşəkarlığın inkişafı" mövzusunda növbəti təlim konfransı keçirildi. Azərbaycanın ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, jurnalistlər bir araya gələrək mətbuatın problemləri ətrafında maraqlı disskusiyalar apardılar.

Təhsil Nazirliyinin və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilən təlim konfransında ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Təhsil Nazirliyinin QHT və KİV-lə işsektorunun müdiri, eləcə də media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri iştirak ediblər. Rektor Mustafa Babanlı rəhbəri olduğu universitetin problemləri, qarşıdakı perspektivləri və onun həllinə yönəlik atılacaq addımlardan söz açıb. Rektor bildirib ki, təhsil cəmiyyətin güzgüsüdür və təhsil işçiləri mediaya açıq olmalıdır: "Media nümayəndələri istənilən vaxt bizimlə əlaqə saxlayıb, istədikləri məlumatı universitetdən ala bilərlər".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışında deyib ki, Təhsil Nazirliyi və ali məktəblərin mətbuat xidmətləri hazırkı durumda mümkün qədər yaxşı çalışır.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çağdaş dövrdə mətbuatla əməkdaşlıq etməyin çox vacib olduğunu qeyd edib: "Bu gün təhsil sahəsində kifayət qədər uğurlu layihələr həyata keçirilir. Son illər universitetlərin mətbuat xidmətlərinin fəaliyyətində çox ciddi şəkildə fəallıq nümayiş olunur".

Təhsil eksperti Şahlar Əsgərov çıxışında təhsil sahəsində medianın rolu haqda danışıb: "Bu sayca 4-cü konfransdır. Mən bu baxımdan Təhsil Nazirliyinin media ilə işləmək strategiyasını çox bəyənirəm". "Təhsil" TV və "APA-Holding"in informasiya dəstəyi ilə təşkil olunmuş konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması, səmərəli qarşılıqlı əməkdaşlıq baxımından peşəkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.