Finlandiyada qaçqınları işə qəbul etməyə hazırdırlar

30 Oktyabr 2015 17:45 (UTC+04:00)

Finlandiyanın inşaat sahəsi bir neçə min qaçqını işə qəbul etməyə hazırdır, bu şərtlə ki, onlar zəruri kurs keçsinlər və fin dilini öyrənsinlər.

Suomi Tikinti Sənayesi Konfederasiyasının nümayəndəsi Tarmo Pipattinin "Helsingin Sanomat" nəşrinə verdiyi məlumata görə, inşaatçılar konfederasiyası gəlmələrin işə düzəldilməsi məsələsini İqtisadiyyat və Əhalinin Məşğulluğu Nazirliyi ilə müzakirə edəndən sonra xüsusi peşə kursları açılması haqda qərar qəbul edilib. Finlandiya İnşaatçılar Konfederasiyasının fikrincə, tikinti sahəsində qaçqınlar üçün istənilən halda yer tapılacaq, çünki pensiyaya çıxanların sayı getdikcə artır və bunun nəticəsində xarici işçi qüvvəsinə tələbat yaranır.

Finlandiyanın İqtisadi Tədqiqatlar İnstitutunun (VATT) hesablamalarına görə, 2030-cu ilə qədər tikinti sahəsində indikindən 25 faiz çox mütəxəssisə ehtiyac olacaq.

Oktyabrın 29-da Finlandiya hökuməti 2014-2020-ci illər üçün sığınacaq istəyənlər qaçqınlar və immiqrantlar üçün Avropa maliyyələşdirmə proqramına dəyişiklikləri təsdiq edib.

2016-2017-ci illərdə Finlandiya Avropa İttifaqının kvotası üzrə 1770 qaçqın və Aİ daxilində yerlərini dəyişən sığınacaq istəyən 2078 şəxsi qəbul edəcək. Bu məqsədlə təqribən 30 milyon avro vəsait ayrılacaq.