Faşizm Avropada yenidən dirçəlir

31 Oktyabr 2015 09:30 (UTC+04:00)

Bu gün böyük mənəvi böhran yaşanan Avropada olduqca təhlükəli məqamlardan biri də radikal siyasi qüvvələrin mövqelərinin güclənməsi, tərəfdarlarının sayının sürətlə artmasıdır. Radikal qüvvələrin hakimiyyətə gəlişi isə həmişə böyük fəlakətlərə yol açır və iknnci dünya müharibəsini bu fonda xatırlamaq kifayətdəir. Məhz Almaniyada radikal qüvvələrin hakimiyyətə gəlişi on milyonlarla insanın həyatına son qoyan, ölkələri xarabazara çevirən dəhşətli müharibənin başlamasına rəvac verdi.

Həmin dövrdə radikal qüvvələrin mövqelərinin güclənməsinə təkan verən amillər yenidən Avropada müşahidə olunur və daha pis formada öxünü göstərir. Əvvəla, Avropada hakimiyyətdə olanların böyük əksəriyyəti üzləşdikləri sosial-iqtisadi problemlərin həllində aciz qalıblar. Bu isə daha sərt mövqedən çıxış edənlərin populyarlığını artırır. İkincisi, Avropada qarşısı alınmayan islamofobiya, başqa dövlətlərə ayrı-seçkilik, ikili standartlar prizmasından yanaşılması radikalizmin inkişafına ciddi təkan verir. Hazırda Avropa İttifaqı məkanında islamofobiyanın və ksenofobiyanın artması, radikal millətçi əhval-ruhiyyənin güclənməsi davam edir. Avropa İttifaqında sonuncu parlament seçkilərinin nəticələri buna sübutdur. 2014-cü il mayın 25-də Avropa Parlamentinə seçkilərin yekunlarına əsasən bu birləşmiş qanunverici orqanda ənənəvi siyasi partiyaların mandatlarının sayı azalıb. Radikal sağçı qruplar isə əksinə, siyasi arenanın sağ sektorunda öz mövqelərini gücləndirib, təsirlərini artırıblar. Bir sıra ölkələrdə, o cümlədən Fransa, Böyük Britaniya, Avstriya və Danimarkada sağçı radikallar elektoratın əksəriyyətinin etimadını qazanıblar. Fransada Milli Cəbhə 25,6 faiz, Danimarkada miqrasiyanın əleyhdarı olan Xalq Partiyası 26,7 faiz, Böyük Britaniyada isə Avropa İttifaqına qarşı çıxan UKİP partiyası 27,5 faiz səs toplayaraq liderlər qrupunda öz mövqelərini möhkəmlədiblər. Başqa ölkələrin sağçı radikalları seçicilərin təqribən 15 faizinin səsini toplayaraq əvvəlki seçkilərlə müqayisədə daha yaxşı nəticə göstəriblər.

Bütün bunlara nəzər salan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev "Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti" adlı məqaləsində yazır: "Beləliklə, Avropa Parlamentində avroskeptiklərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Ənənəvi siyasi partiyalar mövqelərini qoruyub saxlamaq üçün öz şüarlarını və hədəflərini radikal partiyaların ideyalarına yaxınlaşdırmağa çalışırlar ki, siyasi trenddən geri qalmasınlar və ənənəvi sosial bazadan məhrum olmasınlar.

Multikulturalizm mövzusu Avropada uzun illər boyu müzakirə edilib. Avropalılar hesab edirdilər ki, cəmiyyətin inkişafının gələcəyi tolerantlıq və dözümlülük ənənəsinin inkişafı ilə bağlıdır. Lakin bu gün Avropada multikulturalizm ciddi böhran keçirir. İnsanlar daim qorxu içində yaşayır. Bu ilin əvvəlində Parisdə törədilmiş terror aktlarından sonra heç bir günahı olmayan çoxsaylı müsəlmanlara qarşı təqiblər və hədələr Avropa cəmiyyətində dözümsüzlüyün artmasına dəlalət edir. Almaniyada – son vaxtlar ciddi eksseslər, etnik-dini zəmində vəziyyətin kəskinləşməsi və terror aktları müşahidə olunmayan ölkədə PEQİDA-nın antiislam yürüşünü xatırlamaq kifayətdir. Bütün bunlar onu göstərir ki, Aİ-də islamofobiyanın artması tolerantlıq, dözümlülük, əməkdaşlıq, dinc yanaşı yaşamaq kimi baza dəyərlərini sarsıdır. Digər tərəfdən, Aİ Şimali Afrika və Yaxın Şərq ölkələrindən güclü qaçqın axını ilə üzləşir. "Rəngli inqilablar" və "Ərəb baharı" dalğasından sonra bu axın xeyli güclənib. Özünü "İraq Şam İslam Dövləti" (İŞİD) adlandıran beynəlxalq terror qruplaşmasının yaranması da Aİ dövlətləri üçün böyük başağrısına çevrilib. Əslində, İŞİD-i Qərb dövlətlərinin özü yaradıb, mötədil Suriya müxalifətini ağılsızcasına silahlandırıb. Cinayətkar hərəkətlər Şərqdə hərc-mərclik və iğtişaşlar yaradıb, bu narahat region uzun müddətə qeyri-sabitlik girdabına yuvarlanıb…

Nə üçün Aİ ABŞ-ın farvaterində fəaliyyət göstərərək başqa dövlətlərin daxili işlərinə fəal şəkildə qarışır, amma eksperiment onların milli maraqlarına uyğun olmadıqda protokol bəyanatları ilə kifayətlənir? Çünki bu, əyani şəkildə sübut edir ki, hər bir dövlət beynəlxalq arenada öz mənafelərini əsas tutaraq fəaliyyət göstərir. Belə hallarda Aİ vahid dəyərlərlə, prinsiplərlə, birləşmiş Avropanın təməlini qoyanların inkişaf etdirdiyi ideyalarla birləşən ittifaqdan daha çox, Tomas Hobbsun dediyi "xudbin dövlət"i xatırladır. Zərurət yarandıqda Brüssel baza dəyərlərini və prinsiplərini dərhal arxa plana keçirir. Xaricdə baş verən iğtişaşları və etiraz aksiyalarını çox fəal dəstəkləyən Avropa demokratiyaları indi özlərinin uzaqgörməzliyinin nəticələrindən ehtiyat edərək artıq öz "uğurlarının" bəhrəsini görmək istəmirlər". Hazırda bu yanaşma Avropada radikalzmin inkişafına münbit şərait yaradır.

Avropada yeni tendensiya cəmiyyətin siyasi quruluşunun kardinal dəyişməsi istiqamətində gedir. İqtisadiyyatdakı problemlər başlayan proses cəmiyyətin bütün sahələrində, o cümlədən siyasi fəaliyyətdə və ideoloji konseptlərin məzmununda köklü dəyişikliklərə yol açır. Analitikləri bu aspektdə ən çox narahat edən məsələ faşizmin yeni formada Avropada dirçəlməsi təhlükəsinin yaranmasıdır. Populist vədlər, ölkələri təcrid etmək siyasəti və təhlükənin kənardan gəldiyi haqqında rəy yaratmaq sonda cəmiyyəti ifrat barışmaz mövqeyə gətirir və bu hal Avropada özüün daha qabarıq büruzə verməyə başlayıb. Bütün bu böhran halları Avropada hazırkı siyasi hakimiyyətlərin orta sinfin maraqlarına uyğun fəaliyyət göstərməməsinin nəticəsində meydana çıxır. Bu məqamdan istifadə edən populistlər isə əhalini öz tərəflərinə çəkirlər. Bu proses demokratiyanı böyük təhlükələrə atır. Çünki radikal siyasi kurs tərəfdarları idarəetmə sistemini köklü dəyişməyə çalışırlar. Onların qarşısını almaq üçün isə hələlik səmərəli proqramlar hazırlanmayıb. Avropa ölkələrində siyasi radikalizmin qarşısını ala biləcək proseslər yox dərəcəsindədir. Analitiklər, ekspertlər və siyasətçilər vəziyyətin çox ağır olduğundan bəhs edirlər, lakin konkret çıxış yolunu göstərə bilmirlər. Məhz belə vəziyyət Avropada radikalzmin inkiaşfını tətikləyir və buranaı böyük təhdid mənəbyinə çevirir.