İctimai nəqliyyatdan pulsuz istifadə etmək mümkün olacaq?!

31 Oktyabr 2015 10:00 (UTC+04:00)

Qonşu Gürcüstan ictimai nəqliyyatda sərnişinlərin maraqlarına xidmət edən sistem tətbiq edib. Tiflis küçələrindəki avtobuslardan müəyyən müddət ərzində pulsuz da itifadə olunur. Belə ki, sərnişin hansısa nömrəli marşrutdan saat yarım ərzində neçə dəfə istifadə etməyindən asılı olmayaq yalnız birinci minişin gediş haqqını ödəyir. Sərnişinlər üçün sərfəli olduğundan təcrübənin ölkəmizdə də tətbiqinin mümkünlüyünü dəyərləndirməyə çalışdıq.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov "Mövqe"yə bildirdi ki, bütün bu sistemlər mövcud ictimai nəqliyyat infrastrukturunda yaranmış vəziyyətlə bağlı olan məsələlərdir: "Gürcüstanda bu sistemin tətbiq edilməsində bir neçə səbəb ola bilər. İlk növbədə onu deyə bilərik ki, görünür, Gürcüstanda dövlət tərəfindən ayrılmış subsidiya sistemi mövcuddur ki, həmin avtobus şirkətləri bu tip qərarlar verə bilirlər. Sərnişinlərin maraqlarına uyğun olan qərardır. Bu, əhalinin güzəranının yaxşı olmaması ilə bağlı ola bilər".

Ekspert əlavə etdi ki, ümumiyyətlə, gediş haqqı prosesinin tənzimlənməsində müxəlif sistemlər mövcuddur: "Məsələn, hansısa marşrut xətti üzrə məsafələr artdıqca ödənilən gediş haqqının azalması prosesi var. Belə bir sistem İngiltərə və digər bir sıra ölkələrdə tətbiq olunur. Azərbaycanda gediş haqlarının ödənilməsi sistemi isə fərqlidir. Bizdə məsafələrə uyğun ödəniş haqqı hesablanır. Yəni, ödəniş sistemində müxtəlif varinatlar mümkündür".

Gürcüstandakı sistemin Azərbaycanda tətbiq edilməsinə gəldikdə isə Azər Allahverənov bunun müəyyən qədər problemli olacağını düşünür: "Çünki, Azərbaycanda ictimai nəqliyyat sektorunda kart sistemi bütün avtobuslarda tətbiq edilmir. Digər tərəfdən, avtobusların böyük əksəriyyəti hələ də plan sistemi ilə fəaliyyət göstərir. Yəni, bütövlükdə şəhər ictimai nəqliyyatı kart sisteminə keçərsə və Bakının müxtəlif yerlərini əlaqələndirən icimai nəqliyyat təkmil şəkildə işləyərsə, Gürcüstan varinatına baxmaq olar. Ancaq hazırda ayrı-ayrı şirkətlərə məxsus marşrutlar var. Ona görə də həmin şirkətlərin maraqları bəzi hallarda kəsişir. Müəyyən məsələlərdə ziddiyət yaranır. Bu mənada prosesin vahid mərkəzdən idarə olunduğu zaman sözügedən məsələyə də baxmaq olar.

Bununla yanaşı, iqtisadi cəhətdən hesablamalar da aparılmalıdır. Çünki, ola bilsin, Tiflisdə bir marşrutdan bir neçə dəfə istifadə edən çox insan yoxdur. Buna görə də Tiflis sərnişinlərinin bu şansdan yararlanmağı marşrut şirkətlərinə elə də ciddi maddi zərər vermir. Bakı şəhərinin əhalisi isə Tiflisin əhalisindən dəfələrlə çoxdur. Yəni, əhalinin sıx yaşadığı bu cür şəhərdə ictimai nəqliyyatda belə bir sistemin tətbiqi marşrut şirkətlərinə zərər vura bilər. Ancaq istənilən halda, yaxşı ideya olaraq gündəmdə saxlanılası məsələdir".