“Airbus A321” təyyarəsinin qəzaya uğradığı ərazidə 150 cəsəd tapılıb

1 Noyabr 2015 11:00 (UTC+04:00)

Misir təhlükəsizlik xidmətinin hadisə yerindən verdiyi məlumata görə, Rusiyaya məxsus "Airbus A321" təyyarəsinin qəzaya uğradığı rayonda 150 nəfərin cəsədi aşkarlanıb.

Movqe.az RİA Novosti informasiya agentliyinə istinadla məlumat verir ki, cəsədlər təyyarənin düşdüyü yerdən 5 kilometr radiusda tapılıb. Onların bəziləri yanaraq tanınmaz hala düşüb.

Xatırladaq ki, Misirin Mülki Aviasiya Nazirliyinin bəyanatına görə, oktyabrın 31-də səhər saatlarında KGL9268 reysi ilə havaya qalxan və Şarm-əl-Şeyx - Sankt-Peterburq istiqamətində hərəkət edən А321 təyyarəsi uçuşun 23-cü dəqiqəsində radarlardan itib.

Sinay vilayətinin administrasiyası göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvünün olduğu təyyarənin yarımadanın mərkəzi hissəsində, Əl-Kantala və Əl-Laksima rayonları arasında, Əl-Hasna şəhəri yaxınlığında yerə düşdüyünü bildirib.

Rusiyanın Misirdəki səfirliyi qəza zamanı heç kimin sağ qalmadığını təsdiqləyib.