Hikmət Hacıyev: “KİV-in vizalarla bağlı istinad etdiyi reqlament yeni sənəd deyil”

1 Noyabr 2015 13:35 (UTC+04:00)

"Azərbaycana səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament" ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində tam səhih məlumat verilməyib.

Movqe.az-ın məlumatına görə, bunu vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentlə əlaqədar KİV-in sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, "Azərbaycana səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament" Azərbaycan Xarici İşlər Nazirliyinin Kollegiyasının hələ 2014-cü il 18 sentyabr tarixli Q/04-14 nömrəli qərarı ilə təsdiq edilib:

"Mahiyyət etibarilə, kütləvi informasiya vasitələrinin istinad etdiyi reqlament yeni qəbul edilmiş sənəd deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin kollegiyasının 20 oktyabr 2015-ci il tarixli Q/09-15 saylı qərarı ilə bu reqlamentə dəyişiklik edilib. Reqlamentin 3.4.2-ci yarımbəndində "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində" sözləri "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında" sözləri ilə əvəz edilib. Bu dəyişiklik prezidentin "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın təsdiq edilməsi haqqında" 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə" 2015-ci il 14 iyul tarixli 569 nömrəli fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə edilib. Müvafiq olaraq, Azərbaycan prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə "Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"də də eyni dəyişiklik edilib".