Binəqədidə getdikcə seçicilərin aktivliyi artır-Reportaj+FOTO

1 Noyabr 2015 14:10 (UTC+04:00)

Bu gün Milli Məclisə V çağırış seçkilər keçirilir. Movqe.az-ın əməkdaşı 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin bir neçə məntəqəsində olaraq seçki prosesinin gedişini izləyib. Yolumuzu 2 saylı seçki məntəqəsindən salırıq. Biz ərazidə olduqda saat əqrəbləri 9:12-nin üzərində idi.  Məntəqə sədri Nizami Fətullayevlə söhbət zamanı öyrənirik ki, bu saata səsvermə sayı 35-dir. N. Fətullayev bildirdi ki, məntəqədə 1411 seçici qeydiyyatdadır: "Səsvermə prosesi davam edir. Getdikcə seçici fəallığı artır. Bizim məntəqədə 15 yerli müşahidəçi səsvermə prosesini izləyir.  İki beynəlxalq müşahidəçi də bizim məntəqədə baş çəkib. Bu saata qədər heç bir qanun pozuntusu qeydə alınmayıb".

Məntəqə üzvü Nərgiz Meybullayeva da səsvermə prosesinin şəffaf keçdiyini, səsvermə prosesinə qatılanların barmaqları xüsusi cihazla yoxlanıldıqdan, adları yoxlanıldıqdan sonra səsvermədə iştirak etdiklərini söylədi. Məntəqədə müşahidəçi olan Rəsmiyyə  Hümbətova da səsvermə prosesinin şəffaf keçdiyini dilə gətirib. Həmsöhbətimiz bildirib ki, səsvermə başlayandan apardığı müşahidələrdə heç bir qanun pozuntusu müşahidə etməyib.