İlk dəfə səs verən gənc: "Səs vermək çox qürurvericidir"-REPORTAJ+FOTOLAR

1 Noyabr 2015 13:02 (UTC+04:00)

Bu gün Milli Məclisə V çağırış seçkilər keçirilir. Movqe.az-ın əməkdaşı 10 saylı Binəqədi üçüncü Seçki Dairəsisinin bir neçə məntəqəsində olaraq seçki prosesinin gedişini izləyib. Yolumuzu 3 saylı seçki məntəqəsindən salırıq. Biz ərazidə olduqda saat əqrəbləri 9:20-nin üzərində idi. Bu məntəqədə digərlərindən fərqli olaraq izləyici kamera olduğundan,məntəqə sədri  Pərviz Mirzəyev bildirdi ki, səsvermə prosesi nəzarət altındadır. 















P. Mirzəyev 3 saylı məntəqədə 1425 seçicinin qeydiyyatda olduğunu, saat 9:20-ə olan məlumata görə, 80 seçicinin səsvermə prosesində iştirak etdiyini söyləyib. P. Mirzəyevin sözlərinə görə, səsvermə prosesini həm yerli, həm də beynəlxalq müşahidəçilər izləyir: "Səsvermə prosesi çox aktiv keçir. 08:30-a olan məlumata görə, artıq 100-dən çox seçici səs verib. Kamera tərəfindən proses izlənilir. Səsvermə yüksək səviyyədə davam edir".













Məntəqədə bitərəf müşahidəçi olan Orxa n İsayev hələki heç bir qanun pozuntusuna rast gəlmədiyini deyib. O. İsayev bildirib ki, səsvermə demokratik şəraitdə seçicilərin aktivliyi ilə müşahidə olunur. Yeni Azərbaycan Partiyasının bu məntəqə üzrə təmsilçi müşahidəçisi olan  Tural Əliyev də səsvermə prosesinin normal keçdiyini, qanunvericiliyin tələbinə zidd bir hadisənin qeydə alınmadığını bildirib: "Mən səhər tezdən, səsvermə prosesi başlayandan müşahidə aparıram. İndiyədək heç bir qanun pozuntusu qeydə almamışam".














Ana Vətən Partiyasının bu məntəqə üzrə təmsilçisi Rövşən Abdullayev də səsvermə prosesində qanunazidd heç bir hal qeydə almadığını söylədi: "Müşahidəçilər maneəsiz şəkildə seçkini izləyir. Mən də bayaqdan müşahidə aparırıam. Hələki bir nəfər belə qanunsuz səsverməyə cəhd etməyib".  

Bu məntəqədə bu gün ən gənc seçici də səs verdi. 1997-ci il təvəllüdlü Vyaldin Elvin ilk dəfə səs vermək hissinin qürurverici olduğunu söyləyib: "İlk dəfə səs verirəm. Təbii ki, indiyədək bu hissi keçirmədiyimdən, səs vermək, vətəndaş olaraq bu prosesə qatılmağın mahiyyətini dərk etmirdim. Düşünürəm ki, gənclik düzgün seçim edir. Mən də seçimimdə yanılmamışam. Öz səsimi mənim Milli Məclisdə səsim ola biləcək birinə etibar edirəm. Ona görə də arxayınam və əminəm ki, seçimimdə yanılmamışam. Bu mənim seçkidə ilk iştirakımdır. Bundan sonra, gələcək seçkilərdə də vətəndaş olaraq aktiv olacağam". 






"Səs verəcəyin namizədi hansı meyarlara əsasən müəyyənləşdirdin" sualımıza Elvin konkret cavab verdi: "Onun əməllərinə. Mən vədə yox, əmələ inanıram. Verdiyi sözləri əməldə gördüyüm namizədi seçdim və bu gün ona səs verəcəyəm".