Milli Məclis razılaşdırılmamış aksiyaları müzakirəyə çıxarır

22 Oktyabr 2012 18:59 (UTC+04:00)

Milli Məclisin (MM) Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsi "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliyi müzakirə edəcək.

APA-nın məlumatına görə, müvafiq məsələ ilə paralel olaraq İnzibati Xətalar və Cinayət məcəllələrinə də dəyişikliklər ediləcək.

Yeni dəyişikliklər razılaşdırılmamış aksiyalar zamanı hüquqi tənzimləmələri həyata keçirmək üçün nəzərdə tutulub. Dəyişikliklərlə aksiya təşkilatçıları və iştirakçılarının cərimələnməsi də nəzərdə tutulub.

Qanunvericiliyə təklif edilən dəyişikliklərdə razılaşdırılmamış aksiyalara görə fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyəti fərqləndirilib.

MM-in Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsi qeyd olunan məsələləri oktyabrın 23-də keçiriləcək iclasında müzakirə edəcək. Məsələnin MM-in plenar iclasına tövsiyə olunacağı və növbəti iclasda qəbul ediləcəyi gözlənilir.