Mətbuat orqanlarında jurnalistikadan uzaq olan həddən artıq insan fəaliyyət göstərir

23 Oktyabr 2012 08:02 (UTC+04:00)

"Azərbaycan rəhbərliyi siyasi iradəsini ortaya qoyub ki, "Diffamasiya haqqında" qanun cəmiyyətdə müzakirəyə çıxarılsın və yavaş-yavaş Azərbaycan cəmiyyətində onun qəbuluna baxılsın". Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun fikrincə, Azərbaycan cəmiyyəti uzun müddət bu qanunun qəbuluna hazırlaşmalıdır.

PA rəsmisinin sözlərinə görə, dünyanın heç bir ölkəsinin jurnalistləri bu məsuliyyəti tamamilə öz çiyinlərinə götürməyə hazır deyil. "Azərbaycan da həmin ölkələrdən biridir və Azərbaycan jurnalistikası da bu qanunun qəbul olunmasına hazır deyil. Son zamanlar ayrı-ayrı media orqanlarında, xüsusilə də reketlik istiqamətində bəzi halların müşahidə olunması, mətbuat orqanlarında ayrı-ayrı dövlət və qeyri-dövlət nümayəndələrinin təhqir olunması, onlarla bağlı müxtəlif informasiyaların yayılması, qəzetlərin sensasiya vasitəsilə öz tirajlarını çoxaltmağa çalışması kimi meyillər onu göstərir ki, "Diffamasiya haqqında" qanun qəbul olunsa belə, Azərbaycan jurnalistləri müəyyən problemlərlə rastlaşacaq və uzun müddət məhkəmələrdə çəkişəcəklər", - o bildirib.

Həsənov qeyd edib ki, "Diffamasiya haqqında" qanun bir dövlətin siyasi rəhbərliyinin iradəsidir.

"Azərbaycanın siyasi rəhbərliyi o iradədədir ki, biz jurnalistlərimizi öz məsuliyyətlərinin, öz jurnalist etikalarının, öz əxlaq kodekslərinin ixtiyarına buraxmalıyıq ki, jurnalistlər özləri cəmiyyətdə nəyin yaxşı, nəyin pis olduğunu yavaş-yavaş öz praktikalarında müəyyən etsinlər", - PA rəsmisi bildirib.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan cəmiyyətini jurnalistlərlə münasibətin, jurnalistləri isə cəmiyyətlə münasibətin yeni modellərini seçməyə hazırlamaq lazımdır.

O qeyd edib ki, hələ Azərbaycanda jurnalist peşəkarlığı aşağıdır, peşəkar jurnalistlər azlıq təşkil edir, mətbuat orqanlarında isə jurnalistikadan uzaq olan həddən artıq insan fəaliyyət göstərir.

Əli Həsənov oktyabrın 20-də bəzi müxalifət partiyalarının gənc üzvlərinin Bakıda icazəsiz aksiya keçirməyə cəhd göstərməsinə münasibət bildirərkən deyib: "Azərbaycanın sağlam gəncliyinə çağırış edirik ki, belələrinə təsir göstərsinlər və onların sıralarında belə məsuliyyətsiz, qanun keşikçilərinin çağırışlarına tabeçilik nümayiş etdirməyən belə gəncləri özləri tərbiyə etsinlər". Onun sözlərinə görə, 200-ə qədər gəncin qanunlara meydan oxumağa cəhd göstərməsi və müvafiq olaraq onların qarşısının alınması bütün dünya ölkələrində baş verən hadisədir.

"Biz bunu, ilk növbədə, o gənclərin məsuliyyətsizliyi kimi və onları bu işə təhrik edən insanların məsuliyyətsizliyi kimi dəyərləndiririk. Nə belə hallarla Azərbaycan dövlətini sarsıtmaq olar, nə onun polisini öz fəaliyyətindən çəkindirmək olar, nə də mövcud sabitliyi pozmaq olar. Biz belə halları görmüşük və bundan sonra da belələri olacaqsa, qarşısı alınacaqdır", - PA rəsmisi vurğulayıb.

Siyasi müxalifətin bu qəbildən olan hadisələrdən istifadə etmək cəhdlərinə gəlincə isə, Həsənov bildirib ki, onlar həmişə belə hallardan istifadə etməyə çalışıb, həmişə belə gəncləri bu işlərə təhrik edərək onların arxasında öz siyasi fəaliyyətlərini reallaşdırmağa çalışıblar.

"Bu da baş tutmayıb və bundan sonra da baş tutmayacaq", - şöbə müdiri qeyd edib.

Xatırladaq ki, Azərbaycanın bəzi müxalifət partiyalarının gənc üzvləri oktyabrın 20-də Bakıda icazəsiz aksiya keçirməyə cəhd göstəriblər.