Aqrar sektor üzrə bank mübahisə yaratdı
23 Oktyabr 2012 08:05 (UTC+04:00)
Məlum olduğu kimi bu gün banklar kənd təsərrüfatı sahəsinə
kreditlərin verilməsində o qədər də maraqlı deyillər. Ona görə də
hazırda kənd təsərrüfatı sektorunun inkişafı üçün əsasən
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit və
subsidiyalar ayrılır. Amma artıq fermerlərin kredit almalarının
asanlaşdırılması məqsədi ilə yaxın zamanlarda Aqrar Bank yaradıla
bilər. Bunu "Aqrarkredit" bank olmayan kredit təşkilatının İdarə
Heyətinin sədri Məmməd Musayev bəyan edib.
Sədr həmçinin onu da bəyan edib ki, artıq müvafiq təkliflərə
hökumətdə baxılır. Ancaq ekspertlər ölkədə çoxlu sayda bankın
olduğu halda yeni belə bir bankın yaradılmasını o qədər lüzumlu
görmürlər. Ekspertlər, sadəcə, banklar tərəfindən kənd təsərrüfatı
sahəsinə ayrılacaq kreditlərin şərtlərində müəyyən dəyişmələrin
aparılmasını daha optimal hesab edirlər.
İqtisadçı ekspert Natiq Cəfərli ilk öncə bütün iri, orta bankların
hamısının Azərbaycanın regionlarında şöbələri olduğunu qeyd etdi:
"Fermerlərə ciddi şəkildə dəstək olmaq üçün bu banklar vasitəsilə
də kreditlərin ayrılması mümkündür. Çünki, yeni bankın yaradılması
əlavə xərc və ştatlara yol açacaq. Odur ki, əsas olaraq əvvəlcədən
oyun qaydaları müəyyən olunmalıdır ki, kreditlər fermerlərə hansı
güzəşt və mənbələrdən veriləcək. Çünki, aqrar sahə elə bir həssas
sahədir ki, burada çox ciddi gəlirlərdən söhbət getmir. Həm də bura
uzunmüddətli yatırımlar etmək lazımdır. Ona görə də mövcud
banklarda fermerlərə veriləcək kreditlərin faizləri çox aşağı
olmalıdır. Bunun üçün isə həmin kreditlərin mənbələri
müəyyənləşdirilməlidir. Əlavə xərclərə gedib yeni bankların,
ştatların yaradılmasındansa, həmin mənbələri müəyyən edib, agent
bankların tenderini keçirmək olar. İştirak edəcək banklar da dövlət
tərəfindən ayrılmış maliyyənin yaxşı idarə olunması təkliflərini
verərək və öz komisyon xərclərini də üzərinə qoymaqla cüzi faizlə
fermerlərə kreditlər verə bilərlər. Yəni, yeni bankın yaradılması
və strukturlaşmasını gözləməkdənsə, həm iqtisadi səmərəlilik, həm
də işin sürətli aparılması nöqteyi-nəzərindən bu yol daha optimal
görünür. Çünki, yeni bank yaradılacağı təqdirdə də ona vəsaitlərin
hansı mənbələrdən cəlb ediləcəyi sualı yaranır".
Bankların kənd təsərrüfatı sektoruna kredit verilişində az maraqlı
olmasına gəldikdə isə ekspert bildirdi ki, ilk növbədə, banklar
kommersiya və istehlak kreditlərini çox böyük faizlərlə verirlər:
"İstehlak kreditləri də ümumi kreditlərin ən böyük hissəsini təşkil
edir. Yəni, istehlak kreditlərində faizlər 15-30 faiz arasında
dəyişir. Fermerlərə isə çox aşağı faizlə kreditin verilməsi
lazımdır. Ona görə də banklar fermerlərə kredit verməkdə maraqlı
deyillər. İkincisi isə girov məsələsidir. Çünki, fermer krediti öz
torpaq sahəsini girov qoymaqla götürə bilir. Burada isə torpaq
sahələrinin qiymətləndirilməsinin çox aşağı olması, mülkiyyət
məsələlərinin sona qədər həll olunmaması, həm də kredit faizlərinin
yüksək olması fermerlərin kredit almasında əngəl yaradan əsas
məsələlərdir".
Digər iqtisadçı ekspert Samir Əliyev də ilk öncə bankların aqrar
sahəyə kredit vermədə az maraqlı olduğunu qeyd etdi: "Ölkə üzrə
kredit qoyuluşunun təqribən 5 faizi kənd təsərrüfatı sahəsinə
aiddir. Ona görə də kənd təsərrüfatı sektorunu maliyyələşdirəcək
bir qurumun, bankın yaradılması əslində məqbuldur. Ancaq iş təkcə
belə bir bankın yaradılmasından keçməyəcək. Bu bankın özü də
fəaliyyət göstərəndə belə yenə pulun verilməsi ilə bağlı ortaya
problemlər çıxa bilər. Çünki, bank yaradılır, amma kənd təsərrüfatı
sahəsində olan risklər qalıb. Ona görə burada həm də kənd
təsərrüfatı kreditlərinin sığortalanması sistemi də işə düşməlidir.
Yəni, təkcə məhsulun sığortalanması yox, eyni zamanda prosesin özü
də sığortalanmalıdır. Bundan başqa dövlətin nəzdində Təminat Fondu
da yaradıla bilər. Banklar tərəfindən kreditlər ayrıldıqda və
hansısa problemlər ortaya çıxdıqda bu Fond vasitəsi ilə həmin zərər
ödənilə bilər. Bu halda da banklar kreditləşməkdə maraqlı
olacaqlar. Buna görə də Təminat Fondu yaradılarsa, yeni bankların
yaradılmasına ehtiyac qalmayacaq. Həm də mövcud bankların özləri də
kənd təsərrüfatı sahəsinə kredit ayırmaqda maraqlı olacaqlar".