Azərbaycan «Doing Business-2013» icmalında 67-ci yeri tutub

23 Oktyabr 2012 11:09 (UTC+04:00)

Dünya Bankı tərəfindən hazırlanmış "Doing Business-2013" icmalında Azərbaycan 185 ölkə arasında 67-ci yeri tutub.

"APA-ECONOMICS"in məlumatına görə, bu illik renkinq bir sıra müxtəlif göstəricilər üzrə hazırlanır ki, həmin göstəricilər sırasında şirkətlərin açılması və bağlanması, müxtəlif icazələrin alınması prosesləri, məşğulluq bazarının vəziyyəti, vergi rejimi, kreditlərin alınması prosesi, xarici ticarət rejimi kimi amillər yer alır.

Bu ilki renkinqə Sinqapur başçılıq edir. Bundan başqa ilk beşliyə Honq Konq, Yeni Zelandiya, ABŞ və Danimarka daxildir. Postsovet ölkələrindən Gürcüstan 9-cu, Estoniya 21-ci, Latviya 25-ci, Litva 27-ci, Ermənistan 32-ci, Qazaxıstan 49-cu, Belarus 58-ci, Qırğızıstan 70-ci, Moldova 83-cü, Rusiya 112-ci, Ukrayna 137-ci, Tacikistan 141-ci, Özbəkistan isə 154-cü yerdə qərarlaşıb.